İranlı milyarder Babək Zəncani korrupsiya ittihamlarına görə ölüm cəzasına məhkum edilib, ədliyyə rəsmiləri bildirir.
O, şirkətləri vasitəsilə milyardlarla dollar həcmində neft gəlirlərini gizlətməkdə ittiham olunaraq 2013-cü ilin dekabr ayında həbs olunmuşdu. Cənab Zəncani bu ittihamları rədd edir.
Babək Zəncani dələduzluq və iqtisadi cinayətlərdə təqsirli bilinib, ədliyyə sözçüsü mətbuat üçün brifinqdə açıqlayıb.
Daha 2 nəfər həmçinin ölüm cəzasına məhkum edilib və mənimsədikləri vəsaitləri geri qaytarmalıdırlar.
Cənab Zəncaninin vəkili Zöhrə Rezali BBC-ə deyib ki, məhkəmə qərarı "siyasi motivlidir" və ona apellyasiya şikayəti veriləcək.
"Biz inanırıq ki, bu işdə Babək Zəncani sadəcə borclu (şəxsdir)", vəkil deyib.
İranın ən varlı adamlarından biri olan Babək Zəncani, İslam Respublikası üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə suçlanaraq ABŞ və Avropa İttifaqının qara siyahısında olub.
O, BƏƏ, Türkiyə və Malayziyada şirkətlər açıb hökumətin adından milyonlarla barrel İran nefti satdığını boynuna almışdı.
Cənab Zəncaninin var-dövlətinin təxminən 13,5 milyard dollar olduğu deyilir.