"Suriyada əldə edilmiş atəşkəs razılığı müddətsizdir".
Teleqraf.com xəbər verir ki, bunu "Əl-Cəzirə" telekanalına müshaibə verən BMT-in Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Mistura deyib.
Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerrinin razılaşmasının çox böyük əhəmiyyəti var: "Atəşkəs rejimini bacardığımız qədər çox saxlamalıyıq. Biz bu müddətdə dinc əhaliyə kömək etməyə çalışacağıq. Atəşkəsin müddətinin uzadılması məsələnin siyasi həllinə də yol açır".
Misturanın fikrincə, sülh danışıqlarında potensial uğura 3 səbəb təsir edəcək: "Birinci səbəb: Bizdə həqiqətən də impulsumuz var. Suriya xalqı özü bunu hiss etdi. Humanitar nöqteyi-nəzərdən olduğu kimi, hərbi əməliyyatların dayandırılması və düşmənçiliyin azaldılması baxımından bu vacibdir. Biz bu istiqamətdə irəliləyirik.
İkinci səbəb: Suriya məsələsi üzrə BMT Təhlükəsizlik Şurasında birlikdir. Üçüncü məsələ isə: bizim əlaqə qrupumuz var. Bura 18 ölkə daxildir. Bir otaqda oturub müzakirələr edirlər".
BMT nümayəndəsi "B planı" məsələsini də dəyərləndirib. O bildirib ki, Suriya məsələsinin həlli ilə bağlı alternativ plan ola bilməz: "Bu məsələdə başqa plan mümkün deyil. Belə bir plan tərəflər arasında konflitin nəticəsidir və bu münaqişədən Suriya xalqı əziyyət çəkir. Düşünmürəm ki, "B planı" mövcuddur.".
Qeyd edək ki, Suriya münaqişəsi ilə bağlı sülh danışıqları martın 14-də Cenevrədə başlayacaq və martın 24-dək davam edəcək.
Samir