İraq Kürdüstanının müstəqilliyi haqda referendum 2016-cə ilin oktyabrınadək keçirilə bilər. Musavat.com-un məlumatına görə, bu barədə “əl-Monitor”a müsahibəsində muxtar regionun lideri, İraq Kürdüstanının prezidenti Masud Bərzani bildirib.
İraqın mövcud konstitusiyasına əsasən, İraq Kürdüstanı regionu geniş səlahiyyətlərə malikdir. Bərzani deyib ki, kürdləri özəl büdcədən məhrum edən və digər öhdəlikləri yerinə yetirə bilməyən Bağdadın hazırkı siyasətindən məyusdur. Onun sözlərinə görə, regionun bundan sonrakı inkişafının iki variantı var – İraqın adi əyaləti kimi qalmaq, ya da müstəqillik referendumuna getmək.
O qeyd edib ki, prosesi dinc şəkildə və bütün maraqlı güclərlə - Bağdadla, Ankara ilə, Tehranla anlaşma şəraitində təşkil eləmək istəyir. Bərzani müstəqil Kürdüstanın prezidenti olmayacağına da söz verib.
“Mənim məqsədim – müstəqil Kürdüstanın yaradılmasıdır. Və mən söz verirəm ki, Kürdüstan müstəqil olan gün prezidentlik fəaliyyətimi dayandıracağam. Xalqı təbrik edəcək və yerimi başqasına verəcəyəm” – Bərzani deyib.