Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Misirə məxsus A-320 sərnişin təyyarəsi qəzaya uğrayıb.
"EgyptAir" şirkəti Tvitter hesabından təyyarədə olan sərnişinlərin hansı ölkə vətəndaşları olduqlarını açıqlayıb: "Təyyarənin göyərtəsində 15 Fransa, 32 Misir, 1 Britaniya, bir Belçika, 2 İraq, 2 Küveyt, 1 Səudiyyə Ərəbistanı, 1 Sudan, 1 Çad, 1 Poruqaliya, 1 Əlcəzair və 1 Kanada vətəndaşı olub. Təyyarə Misir sahillərindən 280 kilometr aralıda radarlardan itib".
Bu arada, məsələ ilə bağlı Fransa prezidenti Fransua Olland misirli həmkarı Əbdül Fəttah əs-Sisi ilə telefon əlaqəsi saxlayıb. Liderlər qəzanın səbəblərinin tezliklə müəyyən edilməsi üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.
Saat 09:25
Paris-Qahirə reysini həyata keçirən Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi radarlardan itib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, təyyarə Aralıq dənizinə düşüb.
Qəza zamanı təyyarədə 3-ü azyaşlı olmaqla 59 sərnişin və 10 ekipaj üzvü olub. Onların itkin düşdüyü bildirilib. Misir və Yunanıstandan olan xilasedicilər axtarışlara başlayıb. "SkyNews Arabia" telekanalının məlumatına görə, təyyarədə Misir, Səudiyyə Ərəbistanı, Fransa, Böyük Britaniya və İraq vətəndaşları olub.
Qeyd edək ki, itkin düşən A-320 təyyarəsi 2003-cü ildə istehsal olunub və təcrübəli pilotlar tərəfindən idarə olunub.
Samir