Qazaxıstanın Aktübinsk vilayətində vəziyyət gərgin olaraq qalmaqda davam edir.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu gün səhər yerli vaxtla 08:06-da vilayətin mərkəzi Aktobe şəhərindəki uşaq istirahət düşərgəsinin mühafizəçisinə yivsiz lüləli tüfəngdən atəş açılıb. Hücum edənlər ağ rəngli avtomobildə olublar. Bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Vladimir Jumakanov prezident Nursultan Nazarbayevlə görüş zamanı bildirib.
Qeyd edək ki, iyunun 5-də cinayətkar dəstə Aktobedə silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə silahlı hücum edib. Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, atışma zamanı ümumilikdə 7 nəfər, o cümlədən 3 hərbi qulluqçu həlak olub. Əməliyyat zamanı 13 nəfər yaraqlı öldürülüb, 4-ü yaralanıb, 6 nəfər isə axtarışdadır. Hadisələrlə bağlı 9 nəfər həbs olunub.
Hazırda Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin ölkənin bütün regionlarında “sarı səviyyə”də elan etdiyi terror təhlükəsi ilə əlaqədar olaraq Aktübinsk vilayətində antiterror əməliyyatı həyata keçirilir. Terror təhlükəsi ilə bağlı xəbərdarlıq 40 gün qüvvədə olacaq. Aktobedəki vəziyyət isə prezident Nursultan Nazarbayevin şəxsi nəzarəti altındadır.
Səxavət