İstanbulun Zeytinburnu bələdiyyəsi “Kültür və sənət həyatımızda Əbüzziya ailəsi” adlı maraqlı sərgi keçirir.
Məşhur türk ailəsinin arxivinin təqdim edildiyi bu sərgidə ziyarətçilərin çoxunun bilmədiyi maraqlı nüans da var. Salonda böyüdülərək sərgilənən fotoşəkildəki şəxslərdən biri azərbaycanlıdır...
Belə ki, bu nəslin son məşhur şəxsi Ziyad Əbüzziya Azərbaycan Cümhuriyyətinin Maliyyə naziri olmuş Əbdüləli bəy Əmircanın qızı Vala xanımla evli olub.
Türkiyədə 3 nəsil jurnalistika ilə məşğul olan və Türkiyə mətbuatının formalaşmasında mühüm rol oynayan Əbüzziya ailəsinin nümayəndələrindən olan Ziyad bəy 1911-ci ildə İstanbulda doğulub.
Osmanlıda Tanzimat dövrünün məşhur jurnalistlərindən Məhməd Tevfiq Əbüzziyanın nəvəsi, yenə jurnalist Talha Əbüzziyanın oğludur.
1924-1933-cü illərdə Qalatasaray liseyində oxuyub, 1936-cı ildə İstanbul Universitetinin Hüquq fakultəsini bitirib. (Ziyad bəy Qalatasaray liseyində azərbaycanlı İslam Rəfioğlu (ədəbiyyatşünas Səlim Rəfiqin qardaşı) ilə birgə oxuyub. İslam bəy yay tətillərində Əbüzziya mətbəəsində çalışıb. Yaxın dostluqları olub)
Jurnalistikaya 1933-cü ildə əmisi Vəlid Əbüzziyanın çap etdiyi “Zaman” qəzeti ilə başlayıb. 1940-1945-ci illərdə Vəlid Əbüzziya ilə birlikdə “Tasvir – i Efkar” qəzetində çalışıb. Vəlid bəyin vəfatından sonra Cihat Babanla birlikdə bu qəzeti “Tasvir” adı ilə 1945-1949-cu illərdə çıxarıb. Ziyad bəy 1933-1947-ci illərdə hissədarı olduğu “Matbaa-i Ebüzziya”nın müdiri olub.
Bir müddət vərəm xəstəliyindən əziyyət çəkib, İsveçrədə müalicə olunub. 1950-ci il seçkilərində Demokrat Partiyadan Konya şəhərinin millət vəkili seçilib. 1957-ci ilədək millət vəkili kimi fəaliyyət göstərən Ziyad bəy fransız, alman, rum dillərini bilib. Robert kollecində də türk dili, tarix, coğrafiyadan dərs deyən (1938-1943) Ziyad bəy Orta Doğu Texniki Universitetinin mütəvəlli heyətində təmsil olunub (1955-1960). 1979-1985-ci illərdə İstanbul Universitetində dərs deyib. 26 may 1994-cü İstanbulda ildə vəfat edib.
Ziyad bəylə Vala xanımın evliliyindən Talha və Alev adında iki övladı olub. Alev xanım hazırda Fransada yaşayır.
Sərgidə təqdim edilən xoşbəxt ailə fotoşəklinin tarixi 23 may 1943-cü ildir.
Ziyad bəy Azərbaycan mühacirlərinə mühüm yardımlar göstərib, İkinci Dünya müharibəsindən sonra əsirlikdə qalan türk xalqlarının nümayəndələrinin xilası üçün çalışıb.
Sərgidən maraqlı fotoşəkilləri təqdim edirik: