25 Avqust 2023 11:56
8 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk kitabı 50 yaşında çap olunub. Yazıya olan tələbkarlığı onu mətnlərin üzərində təkrar-təkrar işləməyə vadar edir. "Şeirlər yazıram, çap olunmasın" - misralarının müəllifinin dünyada bəlkə ən çox sevmədiyi iş şeirlərini çapa verməkdir. Yaradıcılığının yekunu adlandırdığı "Sonuncu korifey" romanı 2022-ci ildə işıq üzü görüb.

Əsl məhəbbəti isə sözsüz ki, tərcümə sənətidir. Tərcümə ədəbiyyatının bir çox dəyərli nümunələri onun adıyla bağlıdır.

Beləliklə, həmsöhbətimiz söz həqiqətinə bütün reallıqlardan daha çox inanan tərcüməçi, şair, yazıçı Mahir N. Qarayevdir.

- Mahir bəy, nəyə görəsə siz özünüzü heç bir ədəbi nəslə aid etmirsiniz. Bunun kökündə nə dayanır: təkəbbür, inciklik, yoxsa...

- Yox-yox, qətiyyən. Səbəb çox sadədir. Şeirlərim ilk dəfə Əkrəm Əylislinin “Azərbaycan” jurnalında dərc ediləndə iyirmi yaşım vardı, kitabım da 22 yaşımda çıxmalıydı. Amma çıxmadı.

Lap düzü, bir “Korifey” dostum vardı, bu işə qəti qadağa qoydu və beləcə öz “ədəbi nəslimdən” ayrı düşdüm. Yaşıdlarım çap olundular, tanındılar, mənimsə ilk kitabım 50 yaşımda çıxdı, 2008-ci ildə. Buna qətiyyən peşman deyiləm, həmişə də zarafatla deyirəm ki, məndən iyirmi yaş kiçik olan Aqşin Yeniseydən sonrakı ədəbi nəslin nümayəndəsiyəm. Yəni bu qədər sadə.

Bu məsələni çox da qabartmağa dəyməz. Ədəbi nəsil, məncə, çox şərti, hətta nisbi anlayışdır. Onsuz da oxucu bizi nəsil halında yox, hər birimizi fərdi şəkildə oxuyur. Ya da oxumur.

- Yəqin elə buna görədir ki, oxucular sizi daha çox tərcüməçi kimi tanıyır. Belə düşünmək olarmı ki, siz bilərəkdən ədəbiyyata tərcüməçi kimi gəlmək istəmisiniz?

- Heç bilmirəm necə izah edim... Bilirsiz, Günel xanım, o zaman çap üçün indiki imkanlar, indiki “mətbuat bolluğu” yox idi. Amma imkan tapıb bir-iki dəfə çap olunmaq yetərdi ki, imzan tanınsın. Əlbəttə, əgər yazdığın yaxşı idisə.

“Azərbaycan” və “Ulduz” jurnalında ilk şeirlərimin çapından sonra imzam dərhal tanındı, özümü isə tanıyan yox idi. İllər sonra rastlaşdığım nə qədər yazı-pozu adamı məni o şeirlərdən tanıdıqlarını deyirdilər. “Tənhalıq”, “Qaraçı qızı”, “Dəniz”, “Sənsizlik”... hamısı o illərin qələm təcrübəsidir. Elə Vaqif Yusifli də 50 yaşımda çıxan kitabımdan yazdığı “Birinci və sonuncu Mahir Qarayev” yazısında daha çox o illərdəki şeirlərimə istinad etmişdi.

Yeri gəlmişkən, Vaqif müəllimin yazısından bir sitat gətirməklə, keçək sualınızın o biri qanadına: Mahiri istedadlı tərcüməçi kimi də tanıyıram, onun Lermontovdan, Rilkedən, Axmatovadan, Yesenindən, Pasternakdan, Mandelştamdan, Lorkadan, Svetayevadan, Nezvaldan, Voznesenskidən gözəl tərcümələri var. Orijinalla tutuşduranda görürsən ki, həm dəqiq, həm də poetikdir. Mahirin müqəddimə və şərhləri, izah və qeydləri ilə nəşr olunan bir tərcümə kitabı da var – Frans Kafkanın novella və pritçaları, gündəlikləri, söhbətləri cəm olunan bir kitab. İyirmi iki il əvvəl Tərcümə Mərkəzinin nəşr etdiyi o kitabda Cəfər Bağırın, Paşa Əlioğlunun, Arif Əmrahoğlunun, Tahir Kazımlının, Azər Qaraçənlinin, İqrar Cəfəroğlunun da tərcümələri var. Amma təbii ki, yükün ağırlığını Mahir çəkib...”

Tərcümələrim az deyil: hekayə, roman, memuar... Amma poetik tərcüməni daha çox xoşlayıram. İlk tərcüməm Voznesenskinin “Bir cüt doğulmamış poemaya ağı” şeiri olub. Bitirə bilmədim, indiyəcən də yarımçıq şəkildə arxivimdədir. Çox gözəl, amma tərcümə üçün çətin şeirdir. Yadımdadır ki, o vaxt Vaqif Cəbrayılzadə eyni ruhda möhtəşəm bir şeir yazdı (“Ölümdən sonra başlar şair ömrü”). İşə bax ki o “Korifey” dediyim dostla Vaqifin şeirini rus dilinə çevirdik, amma Voznesenski eləcə yarımçıq qaldı.

O gözəl şeiri indiyəcən, deyəsən, heç kim çevirməyib, hər halda mənim rastıma çıxmayıb. Diletantların qulağınadan uzaq, bir də gördün günü sabah çevirib qoydular böyrü üstə, bizə də irad tutdular ki, burda çətin nə var?

- Üzr istəyirəm, siz “Korifey dostum” deyəndə kimi nəzərdə tutursunuz...

- İnşallah, romanımı oxuyanda biləcəksiniz. Yeri gəlmişkən, orda əsas personajlardan biri tərcüməçidir. Romanı oxuyanda tərcümə ilə bağlı indi mənə verməyəcəyiniz suallara da cavab tapacaqsınız. Deməli, o tərcümə yarımçıq qaldı, amma Voznesenskinin “Qoyya” şeirini çevirib çap elətdirdim.

Qayıdaq sizin sualınıza: yox, ədəbiyyata tərcüməçi kimi gəlmək fikrim olmayıb. Sadəcə, “Korifey” şeirlərimin çapına müvəqqəti qadağa qoyandan sonra mənə bir siyahı verdi ki, əvvəlcə filan yazıçıları, filan kitabları oxumalısan. Mən də oxuya-oxuya xoşuma gələnləri başladım çevirməyə. Mən sizə “sözün, sənətin adamı sərxoş etdiyi” nostalji illərdən danışıram. Bəxtim onda gətirdi ki, çevirdiyim ilk hekayələr Natiq Səfərovun əlinə düşdü. Yadımdadır: Rasputinin “Rudolfio” və bir irland yazıçısının hekayəsi idi.

Rasputinin hekayəsini oxumadan geri qaytardı, dedi ki, bunu təzəlikcə kimsə çevirib (deyəsən, Kamil Abdullayev), o biri hekayəni isə qəşəngcə düzəldib çapa verdi. O redaktə çox karıma gəldi: çevirdiyim cümlələri Natiq müəllimin redaktə elədiyi cümlələrlə tutuşdurub çox şey öyrəndim. Mən çox tez öyrənənəm, xüsusən də öyrənmək üçün örnək varsa.

Onu da deyim ki, o illərdə Natiq Səfərovun imzası tərcüməçi peşəsinə aşkar hörmət qazandırmışdı. O gözəl illərin ədəbi mühitini yaradan beş-üç nəfərin sırasında Natiq müəllim ön cərgədə idi. Onun Folknerdən, Markesdən, adını təzə eşitdiyimiz yazıçılardan tərcümələri ədəbi mühitə rəng qatırdı, biz gənclər də həvəsə düşürdük.

- Elə isə artıq yetərincə təcrübəsi olan bir tərcüməçi kimi sizdən soruşmaq istərdim: çağdaş tərcümə sənətində mütəxəssislərin az olması nə ilə bağlıdır?

- Mütəxəssis haçan şox olub ki? Həmişə ortada bir-iki şam yanıb, yüzlərlə pərvanə də fırlana-fırlana bu şamların oduna isinib. Bəyəm Natiq müəllimin vaxtında peşəkarlar çox idi? Yox, qətiyyən. Özü də bu təkcə tərcümə sahəsinə aid deyil, istənilən sahədə diletantların sayı peşəkarları həmişə üstələyib.

Ədəbiyyat da istisna deyil – yüz adam, min adam yazır, içindən bir-ikisi seçilib ayrılır. Şair demiş, “yüz nəğmə batır, boğulur, bir nəğmə qırağa çıxır...”

- Bəs indi vəziyyət necədir?

- İndi lap betərdi. Ədəbiyyat saytlarında, sosial şəbəkələrdə nə qədər yazılar üyüdülür, nəşriyyatlar nə qədər keyfiyyətsiz kitab istehsal edir, nə qədər yeni imza peyda olur, amma nolsun? Kəmiyyət keyfiyyətə çevrilmir ki, çevrilmir! Yazıçılar Birliyi ilə AYO-çuların məlum qovğasından sonra ədəbi mühitdə, hər necə olsa, bir silkələnmə, canlanma baş verdi. Söyüşləri, təhqirləri, qarşılıqlı ittihamları qoyuram bir qırağa – bu canlanmada ədəbiyyata böyük bir axın gəldi.

Mən dalbadal üç dəfə Milli Kitab Mükafatının eksperti olmuşam – müsabiqəyə göndərilən romanların sayı bütünlüklə sovet dövründə yaranmış romanların sayından çox idi. Amma içindən neçəsi çıxdı, yadda neçə imza qaldı? Maksimum üç, ya beş. Lap qoy olsun səkkiz-on. Hələ mən sırf peşəkarlardan danışmıram, az-çox normal düşünməyi, düşüncəsini normal şəkildə ifadə etməyi bacaranları nəzərdə tuturam, çünki yaxşı tərcüməni öz dilində bədii cümlə yazmağı bacaranlardan gözləmək lazımdır. Amma bu səkkiz-on nəfərin axı heç yarısı da tərcümə ilə məşğul olmur. Belədə, mütəxəssis sayının çoxalacağına necə ümid edəsən?

Biz Tərcümə Mərkəzində vaxtaşırı müsabiqələr təşkil edirik. Maşallah, tərcümə nə qədər istəsən. Xüsusən də poetik tərcümə. Hətta birbaşa orijinaldan – ingiliscədən, ispancadan, fransızcadan tərcümələr göndərilir. Amma 95 faizi bərbad gündə. Problem əcnəbi dili nə səviyyədə bilməkdə deyil, öz ana dilində normal yaza bilməməkdədir.

- Bəs rus dilindən poetik tərcümələr nə səviyyədədir?

- Vəziyyət eynidir. Bilirsiz, hansı dildən çevirməyin, əslində, elə bir fərqi yoxdur, əsas şərt hansı dilə çevirməkdir. Yəni tərcüməçi ilk növbədə əsəri çevirdiyi dili mükəmməl bilməli, o dildə normal yazmağı bacarmalıdır. Əcnəbi müəllifin dilini, tutaq ki, pis-yaxşı bilirsən, nə yazdığını da başa düşürsən. Çox gözəl. Amma söhbət o dildə anladığın mətni öz dilində necə ifadə etməkdən, yəni bədii cümlə qurmaq, poetik misra yazmaq qabiliyyətindən gedir. Buyurun, indi sizə yüzlərlə bərbad nümunədən iki-üçünü göstərəcəm:

Mən sizi sevirəm – çıxsa da cinim,

Hərçənd bu, zəhmətdir, xəcalətdir həm,

Ayaqlarınıza düşüb deyirəm:

Səfeh bu fəlakət sarsıdır məni! (A.Puşkin)

***

Öldü böyük şair Qeyrəti həssas –

Ömrü şəhid oldu şayəli şərə... (M.Lermontov)

***

Çıxıb yol üstündə dayanma tez-tez

Köhnədəb və əfəl donunu geyib... (S.Yesenin)

***

Onuntək axmaqlar həvəskar olur

Mükəmməl zəfərin təkəbbürünə,

İlk həssas anların xatirəsinə,

Yaddırlar dostluğun söhbətlərinə... (A.Axmatova)

***

Xoşdu ki, məzəli, sərbəst olmaq var,

Sözləri əylənib oyun qurmamaq.

Yüngülcə toxunsa paltardan qollar,

Mehindən boğulub, heç qızarmamaq... (M.Svetayeva)

Təsəvvür etmək çətin deyil ki, rus dilini bilməyən oxucu saytlarda axtarış verib belə tərcümələri oxuyanda adı dillər əzbəri olan müəlliflər barədə nə düşünə bilər: Puşkin, Lermontov budursa, özüm onlardan yaxşı yazaram! Yesenin bu imiş?.. Axmatova belə yazırmş?.. Bəs deyirlər, Svetayeva gözəl şairdi?

- Bunları çevirən şairdi, yoxsa adi həvəskar? Ümumiyyətlə, şeiri tərcümə edənin şair olması vacibdirmi?

- Bəla burasındadır ki, beş-üç nəfəri çıxmaqla, yaşından asılı olmayaraq indi özünə şair-yazıçı deyənlərin hamısı “həvəskarlar klubunun” daimi üzvləridir. Şeiri tərcümə edənin şair olması, özü də yaxşı şair olması əlbəttə ki, vacibdir. Yaxşı şeiri yaxşı şair tərcümə etməlidir, başqa nə cür ola bilər?

Axı sən özün şair kimi düz-əməlli bir misra yaza bilmirsənsə, başqa dildəki şeiri öz dilində necə səsləndirə bilərsən? Sadə bir həqiqət var: kim öz dilində yaza bilirsə, yaxşı tərcüməni də ondan gözləmək lazımdır. Öz yazısı qüsurlu olanın tərcüməsi də qüsurlu olacaq.

- Yəni bizdə vəziyyət bu qədər acınacaqlıdır?

- Təkcə bizdə deyilmiş, görünür, sənətə atüstü münasibət tədricən hər yerdə normaya çevrilir. Sizə türklərdən bir misal çəkim. Mən Lorkanın kitabını çapa hazırlamışam, yaxınlarda Tərcümə Mərkəzində çap olunacaq. Bir neçə şeirini hələ tələbə ikən ruscadan çevirmişdim. Kitabı işləyəndə ispan dilindən sətri tərcüməni əsas götürdüm, hər ehtimala qarşı türkcə çevirmələri də araşdırdım.

Heç demə, gözünə döndüyüm türk arkadaşlarımız, ağına-bozuna baxmadan, Lorkanın bütün əsərlərini çeviriblər, hətta bəzi şeirlərin bir neçə tərcüməsi var. Di gəl, əksəriyyəti bərbad gündə. Ən yaxşı halda, onları sətri tərcümə saymaq olar. Bəlkə, poetik tərcümənin vaxtı keçib, fransızlarda olduğu kimi, yaxşısı elə sətri tərcümədir? Bu da ola bilər, yəni müzakirə eləməyə dəyər.

Amma o çevirmələrin içində Cəmal Sürəyyanın bir neçə tərcüməsi ilə rastlaşdım. Bax onda bir daha əmin oldum ki, yaxşı şeiri yaxşı şair çevirməlidir. Necə ki, Ramiz Rövşən Puşkini, Lermontovu, Mayakovskini, Bodleri, Svetayevanı, Yesenini çevirib. Çox sevdiyim bir şair də var: Rilke. Bəxtimdən, ruslar da onu çox sevir və Rilkenin “kitablar kitabını” yüksək səviyyədə nəşr ediblər.

Kitabda bir neçə şeirin tərcüməsi Pasternaka aiddir və onlar dərhal seçilir. Niyə? Çünki tərcüməçilik qabiliyyətindən əlavə, Pasternak həm də Rilkenin özü qədər böyük şairdir.

- Adətən, hər bir ədəbi nəsil az və ya çox dərəcədə özündən əvvəlki nəslin yaratdıqlarının üzərindən xətt çəkməyə meyllidir. Bu, tərcümə ədəbiyyatına da aiddir. Əlinizdə imkan olsaydı, əvvəlki dövrlərdə yaranmış hansı tərcümə əsərlərinin üzərindən xətt çəkərdiniz?

- Hə, vaxtaşırı olur belə şeylər. Ən çox da çılğın gənclik dövründə. Bütləri yıxmaq... köhnə payaları çıxarmaq... çürümüş sütunları qırmaq... Bəlkə, cavanlıqda bu suala cavabım başqa cür, daha sərt olardı. Amma indi fikirləşirəm ki, təzə bir şey yaratmdan köhnəni niyə uçurasan?

Siz konkret tərcümə ədəbiyyatını nəzərdə tutursunuz. Əlbəttə, sovet dövründəki tərcümələrin bir çoxu indiki tələblərə tam cavab vermir. Köhnə tərcümələrə bu günün gözüylə baxanda böyük əksəriyyəti yararsız görünür. Elə mən özüm də on il, iyirmi il, otuz il qabaq çevirdiyim əsəri çapa verəndə onu mütləq yenidən işləyirəm. Bu, təbii prosesdir.

Konkret bir nümunə göstərim: bizim Mərkəzin əməkdaşı Etimad Başkeçid hazırda Qoqolun əsərlərini yenidən çevirməklə məşğuldur. Yaxşı da alınır, çünki Etimad səviyyəli, peşəkar tərcüməçidir. Sovet vaxtı bizdə Qoqolun beşcildliyi çap olunub. Amma illər ötdükcə baxırsan ki, vaxtilə məqbul sayılan tərcümə keyfiyyətini itirir, əvvəlki ifadə tərzləri sönük görünür.

Sizinlə tam razıyam ki, yenidən tərcümə olunmağa ehtiyac duyulan əsərlər kifayət qədərdi, pis orasıdır ki, peşəkar tərcüməçilərimiz azdır, çox az. Yəni nəyinsə üzərindən xətt çəkmək asandır, onsuz da zaman özü onların üzərindən xətt çəkə-çəkə gedir. Amma bəs pozulanın yerindəki boşluğu necə doldurasan – problem budur.

- Sizcə, tərcüməçi üçün ən uğurlu yaş dövrü hansıdır? Parlaq hisslərlə ədəbiyyata gələn enerjili gənc, yoxsa enerjisi tükənmiş təcrübəli qoca?

- Məşhur mahnıda deyildiyi kimi: yaşın nə vərqi var? Əsas meyar istedad və qabiliyyətdir. Bir də gərək sənətə, peşəyə zorən yox, içdən gələn səmimi həvəs olsun. Belə olsa, dediyiniz həmin o enerjili gənc istedad qısa müddətdə təcrübəsini artırıb püxtələşəcək.

Markes deyirdi ki, tərcümə həm də ən yaxşı mütaliə üsuludur. Tamamilə doğrudur və sizə deyim ki, enerjili gənc yazar üçün böyük faydası ola bilər. Mən bunu Heminqueyin hekayələrini çevirəndə əyani şəkildə hiss etmişəm.

Heminquey ilk baxşda rahat, asan oxunan yazıçıdır, amma onun sadə cümlələrinin altında çox dərin mətləblər gizlənib. O mətləblərin çoxunu mütaliə zamanı tuta bilməmişdim, tərcümə prosesində isə Markesin nə qədər haqlı olduğunu gördüm.

Əlbəttə, enerji çox vacibdir. Amma o, yalnız qocalıqda tükənmir, yaradıcı enerji erkən də tükənə bilər. Yeri gəlmişkən, elə Heminqueyin “Kilimancaro”sunda adı çəkilən məşhur yazıçı Fitscerald kimi. Pis orasıdır ki, qocalıqdan-cavanlıqdan asılı olmayaraq bəziləri enerjisinin tükəndiyini hiss etmir.

- Yeni dövrün tendensiyasına görə, tərcüməçinin adı kitabın üz qabığında müəllifin adı qədər görünməlidir, yəni tərcüməçi müəlliflə yanaşı getməlidir...

- Kitabın üz qabığı texniki məsələdir. Əsas odur tərcümə sanballı olsun, belədə tərcüməçinin adı it-bata düşməz. Əksinə, yaxşı əsərin pis tərcüməçisinin adını kitabın üz qabığında zərli hərflərlə də yazsan, nə xeyri? Lorkanın bir neçə şeirini, o cümlədən məşhur “Gitara”sını rus dilinə Marina Svetayeva çevirib. O tərcümələr digərlərindən dərhal seçilir. Selincerin məşhur romanını ruscaya çevirən tərcüməçi xanımın da adı ilk nəşrdə kitabın gözəçarpmaz bir yerində kiçik şriftlə yazılmışdı, amma Rayt-Kovalyovanın necə bir peşəkar olduğu hamıya bəllidir.

- Bir az da şair Mahir N.Qarayevdən danışaq. Şeirləriniz kifayət qədər ciddi nümunələrdir, amma sizi daha çox tərcüməçi kimi tanıyırlar. Buna münasibətiniz. Yəni, bu sizi ruhdan salmır ki?

- Yox, burda ruhdan düşməli bir səbəb görmürəm, üstəlik son vaxtlar artıq mənə yazıçı deyənlər də var. Əslində şeir də, nəsr də, tərcümə də – ilk növbədə mətndir və hər üç halda mən araya-ərsəyə gətirdiyim, ortaya çıxardığım mətnin müəllifiyəm.

Hətta sizə deyim ki, bir çox poetik tərcümə mətnimi şeirlərimdən daha doğma bilirəm. Məsələn, Yeseninin “Anama məktub”unu, Pasternakın “Qış gecəsi”ni, Lermontovun “Vəsiyyət”ini...

- Bu yaxınlarda ədəbi saytların birində sizin fərqli üslubda yazdığınız “At sevgisi” şeiri oxucuların geniş müzakirəsinə səbəb oldu. Amma hisslərinizi çox çılpaq ifadə etməkdə, estetikanı adlayıb keçməkdə qınayanlar da oldu...

- Mənim çap olunmuş çox az şeirim var – ilk kitabımda cəmisi 25 şeir gedib. Son vaxtlar saytlarda gedənlərin əksəriyyəti poetik silsilələrimdən fraqmentlərdir. Adını çəkdiyiniz şeir isə heç də fərqli üslubda yazılmayıb, fərqli olan ilk sevgiyə illərin uzaqlığından nostalji baxış bucağıdır.

Görünür, bəzi naşı oxucuları çaşdıran və qeyzləndirən də budur. Bilirəm, nəyə işarə vurursunuz: guya şeirdə aşırı seksuallıq var. Amma tam əksinə, orda ilk sevgiyə tutulan iki məsum yeniyetmənin ürkək hisslərindən bəhs olunur. Zənnimcə, ömrün qürub çağından öz yeniyetməlik çağlarına boylana bilən hər kəs məhz həmin hissləri yaşayır. Bu qədər sadə.

- On il qabaqkı bir müsahibənizdə öz romanınızdan bəhs etmişdiniz, amma roman on il sonra, ötən il çap olundu. Niyə belə gec? Bu illər ərzində oxucunun görmədiyi romanın özünüz tərəfindən unudulacağından qorxmurdunuz?

- O vaxt bir yox, üç müsahibə olub, hamısında da qeyd eləmişəm ki, bəlkə heç romanı çapa vermədim. İstəyirdim əvvəlcə rus dilində, Sankt-Peterburqda çap olunsun. Amma tərcümə gec bitdi. Daha doğrusu, tərcüməçi işi vaxtında təhvil versə də, çox vasvasıyam – rus variantına bəzi şeylər əlavə elədim, bəzi yerləri çıxartdım, mətni xeyli rəndələdim.

Yeri gəlmişkən, redaktə ən çox sevdiyim işdir, özünü redaktə eləmək isə mənimçün əsl yaradıcılıq həzzidir. Bir sözlə, iş uzandı, rusdilli ölkələrin vəziyyəti də xeyli dəyişdi. Bir yandan da aranı pandemiya kəsdi. Beləcə, romanın Azərbaycan variantı qabağa düşdü, on il sonra zor-xoş onu çapa verməli oldum.

O roman mənim son sözüm, bütün yaradıcılığımın yekunudur – on il yox, lap iyirmi il də keçsə, onu necə unuda bilərdim? Həm də on ildə boş dayanmadım axı, mətni bir də, bir də, bir də oxuyub rəndələdim.

Vasvasaılıq mənim iş tərzimdir, bunu bütün yaradıcı dostlara məsləhət görürəm: vallahi-billahi, bir əsərin üzərində on il işləsəniz, sonda əmin olacaqsınız ki, on əsərin əvəzinə bir əsər yazmaq daha gözəl hissdir, çünki bir əsərdə on əsəri ifadə etmək mümkündür.

Gec çap olunmaq isə məni qəti narahat eləmir, heç vaxt da eləməyib. Ona qalsa, ilk şeirlər kitabım da çox gec çap olunub. Bədii əsər gündəlik informasiya, yaxud şou aləmindən xəbər deyil ki, bir gün geciksə, köhnəlsin.

- Nədənsə qələm əhli özünü müəyyən bir janrda təsdiqləyən söz adamının başqa janra keçməsinə ciddi baxmır. Məsələn, əgər jurnalist bədii əsər yazıbsa, o yazının publisistikanın kölgəsində qaldığını düşünürlər. Yaxud tərcüməçi şeir, yaxud nəsr əsəri yazırsa...

- Bayaq bu barədə, deyəsən, bir az danışdıq. Əslində, janrın özü nisbi anlayışdır. İstər şeir olsun, istər roman, istər tərcümə – qələmə aldığım hər bir yazı mənim üçün, ilk növbədə, mətndir. Nəsə yazanda, hansısa ağrıları, duyğuları sözə çevirmək istəyəndə janrı da, formanı da diqtə eləyən məhz o ağrının, o duyğunun özü olur.

Mən sadəcə düşündüklərimi, hiss etdiklərimi fiksə edirəm: onları səmimi şəkildə yazıya köçürüb oluram mətn müəllifi. Vəssalam.

Vaxtilə mən də jurnalist kimi çalışmışam, hətta SSRİ jurnalistlər Birliyinin üzvü idim. Nə qədər yazıçıdan, rejissordan, sənət adamından müsahibələrim var. Bəziləri lap şeir kimi oxunurdu. Zamin Hacının ictimai-siyasi, Aqşin Yeniseyin fəlsəfi köşə yazıları, yaxud Şərif Ağayarın portret oçerkləri kimi.

Amma Zaminin özünəməxsus şeirləri, Aqşinin, Şərifin sanballı romanları var və bu təbiidir. Hazırda ən ləzzətlə oxuduğum – Fəxri Uğurlunun məşhur sənət əsərləri haqqında esseləridir. O yazıların tezliklə hər bir ədəbiyyat adamının stolüstü kitabına çevriləcəyinə şübhəm yoxdur. Halbuki Fəxri yazıçıdır, gözəl hekayələr müəllifidir.

Deməyim odur ki, o münasibət səhvdir, yanlışdır, çünki hər yazı janrından asılı olmayaraq mətndir, oxucu da, yaxşı olar ki, janra irad tutmaqdansa mətnə qiymət versin.

- Romanınızın əcəb adı var: “Sonuncu Korifey”... Bəs göstərilən reaksiyalar necə, sizi qane edirmi? Həm ədəbi tənqidin, həm də ədəbiyyat idarəsi olan AYB-nin münasibətini soruşuram.

- Roman haqqında yeddi-səkkiz yazı oxudum, bir xeyli dost-tanış da fikrini telefonla bildirdi. Kitabı oxuyanlara, diqqət göstərib yazı yazan, fikir bildirən hər kəsə minnətdaram. Ədəbi tənqid və tənqidçilərimizlə bağlı heç nə deyə bilmərəm, amma romanla tanış olmasını istədiyim bir sıra adamlar var ki, onlara kitabı şəxsən göndərmişəm.

Qəti şübhəm yoxdur ki, Anar müəllim imkan tapan kimi oxuyacaq. Başqaları haqqında, təəssüf ki, bu sözü əminliklə deyə bilmirəm. Fikir bildirmək vacib deyil, sadəcə, çox istərdim qələminə hörmət elədiyim həmkarlarım, xüsusən də ədəbi yaradıcılığa yeni başlayan iddialı gənclər kitabı oxusunlar. Ən azından ona görə ki, romanda onların bəhrələnəcəyi xeyli mətləb var.

Hansı yazıçı istəməz ki, dünyanın ən yaxşı əsərini yazsın? Əlbəttə ki, bu hər bir yaradıcı fərdin təbii arzusudur. Bəs bu arzunu reallaşdırmaq necə mümkündür? Bax, romanda bu “namümkünü” mümkünə çevirməyin kodları, eyni zamanda belə bir absurd iddiaya düşən “dahilərin” aqibəti əks olunub. Bilmirəm, mütaliə vərdişini yadırğayanları həvəsləndirə bildimmi?

Qoy təvazökarlıqdan kənara çıxıb bir az da həvəsləndirim: mənim romanım əsl yazıçı olmaq istəyənlər üçün master-klasdır!

- Çox gözəl, axırıncı sözləriniz lap reklam kimi səslənsə də, qoy olsun. Bu reklamdan sonra elə özüm də həvəsləndim. Amma sualdan nəsə bir qədər yan keçdiniz...

- Lap düzünü bilmək istəsəniz, xüsusi münasibətdən yana elə bir umacağım yoxdur. İroniyasız-filansız, tam səmimi deyirəm. Sadəcə, çox istərdim ki, böyük zəhmət bahasına ərsəyə gətirdiyim bu mətn oxunsun. Amma yenə sağ olsun qayğı-sayğısına, həssas davranışına növbəti dəfə tuş gəldiyim Kamal Abdulla – məni də, kitabımın redaktoru Fəxri Uğurlunu da “İlin ədəbiyyat adamı” ödülüylə uğurladı.

Mənə o da çox xoş oldu ki, gözləmədiyim halda Ramiz Rövşəndən təbrik zəngi gəldi. Ona görə “gözləmədiyim halda” deyirəm ki, Ramiz bəy romanı hələ əlyazma şəklində oxuyub iradlarını, tövsiyələrini bildirmişdi, mən də hamısını nəzərə almışdım. Və təkrar oxumasına ürəkdən sevindim.

Aqşin Yenisey xeyli araşdırma aparıb sanballı bir məqalə yazdı, sözün doğrusu, çəkdiyi əziyyətə görə bir az utandım da. Yazının sonluğunu isə təbrik kimi qəbul elədim:“Bu roman forma qıtlığından əziyyət çəkən Azərbaycan nəsri üçün gözlənilməz əsərdir. Romanda iştirakçıların, demək olar ki, hamısı sonuncudur, hamısı da korifeydir. “Sonuncu korifey” bir növ, Azərbaycan mədəniyyətinin, siyasətinin, mentalitetinin XXI əsr üçün hazırladığı bədii-publisistik bir hesabatdır...”

İstənilən uğuruma həmişə özümdən artıq sevinən Ramiz Rövşənin təbriki isə özünəməxsus, həm də çox lakonik oldu: “Oxudum. Bircə kəlmə deyəcəm: sən çox təhlükəli adamsan...”

- Elə isə nəsr yazmağa davam edəcəksinizmi? Yeni roman, yeni kitab gözlənilirmi?

- Yox, yox, bir daha yox! Mənim oxucuya deyiləcək daha heç bir sözüm yoxdur. Həm də axı adamın neçə romanı olar?! Mənim bir yox, on romanım var – sadəcə, bir romanın, bir kitabın içində! Şəxsən özüm belə hesab edirəm, siz də belə hesab edin...


Müəllif: Günel Natiq

Oxşar xəbərlər