6 May 10:41
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mehriban Zəki ilk dəfə “Ötən günlər” verilişində əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi avtomobil qəzasından danışıb.

Teleqraf.com xəbər verir ki, xalq artisti bu sözləri deyib:

“Mən də böyük bir şok keçirdim, hər gün bunu özlüyümdə analiz edirdim. Çox böyük xəsarət almışdım, fikirlərim bir qədər dağılmışdı. Amma o günü yadıma salanda... Avtomobil yol kənarına çıxanda başımı qaldırıb bir neçə dəfə “Oqtay” deyib, onu çağırmağa başladım. Anladım ki, Oqtay yoxdur. Oqtaya baxmağa bir məqam yox idi. Sanki Oqtay susmağı ilə yenə mənə dedi ki, heç bir problem yoxdur. Mən ilk zərbədə huşumu itirdim. Sonra huşum özünə gələndə ilk Dilarənin səsini eşitdim. O söyləyirdi ki, “Mehribanın üzü qandır... Oqtay, Oqtay...” Mən nə baş verdiyini dumanlı şəkildə... Sonra sosial şəbəkələrdə o şəkillərə baxanda o insanlar sağolsunlar – dırnaq içərisində deyirəm. Bir insanın qəzasını, onun faciəsini o şəkildə paylaşmazlar. Amma o şəkillərə baxanda, özümün o halım heç yadımda deyildi. Yadımda olan isə gözümü qaldırıb yerdə uzanmış Oqtayı gördüm, sonra yenə huşumu itirdim. Sonra hər dəfə mən gözümü açdıqca Dilarənin və Oqtayın vəziyyətini soruşurdum. Mənə cavab verirdilər ki, ən pis vəziyyətdə olan sənsən. Mənə son ana qədər demədilər... Mən səhərisi gün bildim ki, Oqtay dünyasını dəyişib. Bunu niyə yada saldım? Bəlkə də mənim dilimdən söyləniləsi idi. Artıq bu hadisənin üzərindən bir il keçib...Oqtay o susqunluğu, dinməzliyi ilə yenə də sanki problem yoxdur, mən xoşbəxtəm... Sonra Dilarənin də bir sözü yadımdadır ki, Oqtayın üzünə baxanda bir xoşbəxt ifadə vardı. Allah ona rəhmət eləsin! Hər zaman onu yalnız xoş xatirələrlə anırıq”.

Qeyd edək ki, Oqtay Əliyevin 2023-cü ildə Abşeron rayonu ərazisində idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində Oqtay Əliyev dünyasını dəyişib, xalq artisti Mehriban Zəki və həyat yoldaşı Dilarə Əliyeva isə xəsarət alıb.


Müəllif: Rəqsanə Həsənova