6 May 11:06
3 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük dövlətlər arasında nəqliyyat dəhlizlərinə nəzarət uğrunda mübarizə güclənib. Hindistan qlobal təchizat zəncirinə hakim olmaq məqsədilə ötən ilin sentyabrında Dehlidə keçirilən G20 sammiti çərçivəsində Yaxın Şərq-Avropa dəhlizini (IMEC) gündəmə gətirdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Baş nazir Narendra Modi sammitdə Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizini elan etmişdi:

“Dəhlizlə bağlı Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Avropa İttifaqı, Fransa, İtaliya, Almaniya və ABŞ anlaşma memorandumu imzalamışdı.

Hindistan-Yaxın Şərq-Avropa dəhlizini iki ayrı xətdən ibarət olacaq. Bu, Hindistanı Qərbi Asiya və Yaxın Şərqə birləşdirəcək Şərq və Qərbi Asiya və Yaxın Şərqi Avropanı birləşdirəcək Şimal dəhlizindən ibarətdir. Təklif olunan dəhliz layihəsi Hindistandan BƏƏ-yə qədər uzanacaq, daha sonra Səudiyyə, İordaniya və İsraildən keçərək Avropaya uzanacaq. Layihə yüklərin Hindistandan İsrail və Yunanıstan limanları vasitəsilə Avropaya daha sürətli göndərilməsini nəzərdə tutur.

ABŞ Prezidenti Co Baydenin “böyük iş” adlandırdığı IMEC Amerikanın Hind-Sakit okean və Yaxın Şərq strategiyasının əsas sütunlarından biridir. Qərb ümid edir ki, ABŞ-nin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünə (BRI) alternativi kimi təqdim edilən bu iqtisadi dəhliz Pekinin artan geosiyasi müdaxiləsini məhdudlaşdıra bilər”.

Mərkəzin ekspertləri xatırladırlar ki, Dehli martda IMEC-lə bağlı BƏƏ ilə imzalanmış hökumətlərarası çərçivə sazişini təsdiqləyib:

“Səudiyyə artıq layihəyə 20 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb ki, bunun da böyük hissəsi dəmir yolu şəbəkəsinə aiddir. Təklif olunan iqtisadi dəhliz Hindistan mallarını dəmir və dəniz yolları vasitəsilə Yaxın Şərq üzərindən Avropaya birləşdirmək məqsədilə hazırlanıb. Projenin əsas hissələrindən birinin dəmir yolu olacağı gözlənilir. Bu əlaqə BƏƏ və Səudiyyəni İordaniya vasitəsilə İsraillə birləşdirəcək. Bir qrup analitikin fikrincə, layihə uğurlu olarsa, IMEC Avropanın iqtisadi dayanıqlığını artıra və ticarətin diversifikasiyası seçimlərini artıra bilər.

Çinin “Bir Kəmər, Bir Yol” layihəsi təxminən 150 ölkəni, dünya əhalisinin 60 faizini əhatə edir. ABŞ-nin dəstəklədiyi alternativ layihə özünü təsdiq etməlidir. Yaxın Şərqdəki gərginlik və İranın dəstəklədiyi husilərin (Yəmən) Qırmızı dənizdəki gəmilərə hücumları IMEC layihəsinin reallaşmasına əngəldir”.


Müəllif: Mənsur Rəğbətoğlu