6 May 15:43
2 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mayın 10-da Almatıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətlə bağlı öhdəliklərin götürüləcəyini gözləyir.

Teleqraf.com xəbər verir ki, Mirzoyan bu barədə Budapeştdə macar həmkarı Peter Siyarto ilə görüşündə bildirib.

Mirzoyan bunun Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində mühüm addım ola biləcəyini söyləyib.

“İlin sonuna qədər belə bir sazişin imzalanmasına ümid edə bilərikmi və bunun üçün hələ hansı məsələləri həll etmək lazımdır” sualına cavab olaraq Mirzoyan deyib:

“Tərəflərin Almatı bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyü və suverenliyi qarşılıqlı şəkildə tanıması vacibdir”.

Erməni nazir qeyd edib ki, tezliklə Almatıdakı görüşdə azərbaycanlı həmkarı ilə bu məsələni müzakirə etmək və bunu yazılı şəkildə qeyd etmək imkanı olacaq.

Ermənistan XİN rəhbəri həmçinin insanların və yüklərin sərbəst hərəkəti üçün Cənubi Qafqazda nəqliyyat marşrutlarının (dəhlizlər) açılmasının zəruriliyini vurğulayıb.

Mirzoyan əlavə edib ki, Ermənistan Azərbaycanla uzanan münaqişəyə son qoymaq və iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məqsədilə konstruktiv danışıqları davam etdirməyə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu