On ildən çoxdur Azərbaycanda ənənəvi olaraq hər il keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə 2024-cü il mərhələsinə start verilib.
Teleqraf.com xəbər verir ki, İslam Əməkdaşlıq Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə keçirilən layihədə iştirak üçün müsahibə əsasında Azərbaycanın bir sıra aparıcı ali məktəblərini təmsil edən və iştirak üçün müraciət etmiş 600-dan çox tələbə arasından xüsusi istedadı və xarici dil bacarıqları ilə fərqlənən 100-dən çox gənc seçilib.
Bu il proqram çərçivəsində tədbirlər “Yaşıl dünya naminə həmrəylik” ideyası altında keçiriləcək. Qeyd etmək lazımdır ki, "Yaşıl gələcəyin planının tərtib edilməsi: iqlim dəyişikliyi ilə mübarizədə və qorunmasında İƏT-in rolu" proqramın bu ilki əsas mövzusudur. Eləcə də keçirilən təlimlərdə əsas diqqət Bakıda noyabrda keçiriləcək COP29 konfransı çərçivəsində gənclərin qlobal iqlim problemləri sahəsində maarifləndirilməsinə, onların potensiallarının üzə çıxarılmasına və bu istiqamətdə gənclərin əməkdaşlıq perspektivlərinin öyrənilməsinə yönəlib.
Qeyd etmək lazımdır ki, bu ilki sessiyalarda 10-a yaxın əcnəbi tələbənin iştirak etmək hüququ əldə edib. İştirakçıların 2 ay ərzində hər həftə baş tutacaq mühazirələrdə və sonda təşkil olunacaq “İƏT Modeli XİN konfransı” simulyasiyasında iştirakı nəzərdə tutulub.