Ermənistanın Səhiyyə Nazirliyi yanında Məhkəmə Tibbi Elmi və Praktik Mərkəzinin Abovyan filialının rəhbəri Qarabağda öldürülən hərbçilərin cəsədlərinin gizlədilməsinə görə vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Filial rəhbəri ilə birlikdə sözügedən qurumun daha iki əməkdaşının da tutduğu vəzifədən kənarlaşdırıldığı qeyd olunub.
Mərkəzin rəhbərinə isə töhmət verilib.
Bundan əvvəl Ermənistanın Teleqram kanallarında Qarabağda öldürülən hərbçilərin cəsədlərinin plastik torbalara bükülmüş fotoları və videogörüntüləri yayılıb. 200-dən çox cəsədin Abovyan Tibb Mərkəzinin zirzəmisində gizlədildiyi bildirilib. Fotoşəkillər cəmiyyətdə ciddi rezonans doğurub. Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan ölmüş hərbçilərin yaxınlarından üzr istəyib.
Baş nazir Nikol Paşinyan buna görə məsuliyyət daşıyanları cəzalandırmağı tapşırıb.