Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiya dəyişikliyinə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun fikrincə, Azərbaycana qarşı ərazi iddiasının yer aldığı məqam Ermənistan Konstitusiyasından çıxarıla bilər:
"Söhbət Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasından gedir. Paşinyan artıq bunun anonsunu verib. O, Müstəqillik Bəyannaməsinin ölkəsinin inkişafına başlıca əngəl olduğunu söyləyib. Həmin bəyannamədə Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da ərazi iddiası irəli sürülür. Paşinyan bu kontekstdə bəyan elədi ki, bəyannamə bir dövlət kimi Ermənistanın varlığını inkar edir.
Paşinyanın bəyanına inansaq, qarşıdakı dövrdə Ermənistanın qanunvericilik bazasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını görə bilərik. Bu mənada Paşinyanın Müstəqillik Bəyannaməsini kəskin sözlərlə pisləməsi sıradan bir hadisə deyil.
Bu, Azərbaycan və Ermənistan arasında sülhü əngəlləyən başlıca amildir. Təsadüfi deyil ki, Bakı bunun sülh müqaviləsinin imzalanması yolunda yeganə maneə olduğunu bildirib. Məncə, Paşinyan bunu nəzərə alaraq Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını çıxaracaq. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir.
Sonradan yekun sülh müqaviləsini təhdid edə biləcək heç bir amil qalmamalıdır. Etibarlı və dayanıqlı sülh bundan sonra mümkün olacaq.
Başqa sözlə, Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendum keçirilməli, erməni xalqı da bunun lehinə səs verməlidir. Yəni bütün Ermənistan sülhdə maraqlı olduğunu əyani şəkildə göstərməli və sübut etməlidir. Həmin referendum Ermənistanın sülh, ya müharibə istədiyini göstərəcək".