12 Dekabr 2015 11:55
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycan üçüncü minilliyə inamla qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin zəkası bütün sədləri yararaq Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə gördüyü işlərə, onların bazası əsasında müstəqillik tariximizdə həyata keçirilən tədbirlərə nəzər salmadan keçmək mümkün deyil.

Onun ideyaları indi də yaşayır

Dahi şəxsiyyət Heydər Əliyevin “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” tezisi məhz hakimiyyətinin birinci dövrü üçün xarakterik idi. Həmin dövrdə milli dövlət anlayışı yasaq idi. Lakin ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti, ən əsası, bacarığı sayəsində xalqımızın şüurunda “milli maraqlar” anlayışı dərindən kök saldı. Məhz sovetlər birliyi dövründə milli maraqların siyasətdə reallaşması 80-ci illərin sonunda ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırladı və 1991-ci ildə dövlət müstəqilliyimizin qazanılması üçün baza formalaşdırdı.

Səhhətindəki problemlərə baxmayaraq, hər zaman xalqın içərisində olmağı özünə mənəvi borc bilən ümummilli lider Heydər Əliyev 2003-cü ildə əbədi olaraq gözlərini yumdu. Lakin onun müstəqil Azərbaycanla bağlı ideyaları bu gün də yaşayır və Prezident İlham Əliyev tərəfindən daha qətiyyətlə həyata keçirilir.

Ötən gün ulu öndər Heydər Əliyevin vəfatının on ikinci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabana gedərək ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Ulu öndər Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya olan Yeni Azərbaycan Partiyasının banisidir.

Ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi olaraq respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir.

Azərbaycan Ağsaqqallar Şurası Fəxri xiyabanı ziyarət edib

Ötən gün həmçinin Azərbaycan Ağsaqqallar Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib. Ağsaqallar Şurasının sədri, deputat Fəttah Heydərovun başçılığı ilə Şura üzvləri Heydər Əliyevin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər.

F.Heydərov jurnalistlərə açıqlamasında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Azərbaycanın dövlət quruculuğunun əsasının ümummilli lider tərəfindən qoyulduğunu vurğulayıb, ona rəhmət diləyib.

Mədət Quliyev: “Dövlət başçısı ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir”

Milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Mədət Quliyev 1988-ci ildə milis orqanlarında işləyərəkən ən qaynar nöqtələrdə olduğunu deyib. Onun sözlərinə görə, müstəqilliyin ilk illərində insanlarımız çox ağır bir şəraitdə yaşayırdı: “Düzünü desək, həmin dövrdə heç ümid də yox idi ki, Azərbaycan bu çətin vəziyyətdən çıxa biləcək. Hər bir vətənpərvər azərbaycanlının yaxşı yadındadır ki, 1993-cü ilin 4 iyununda Gəncədə qardaş qırğını oldu. Bu böhranın nəticəsi kimi qədirbilən xalqımız meydanlara çıxdı və ulu öndər Heydər Əliyevin Azərbaycana gəlməsini tələb etdilər. Həmin dövrdə ümummilli lider Naxçıvanda yaşayırdı və hər kəs ürək edib Bakıya gəlmirdi. Çünki ayrı-ayrı silahlı qruplar vardı və onlar hakimiyyət uğrunda biri-biri ilə mübarizə aparırdı, eyni zamanda müəyyən kəşfiyyat orqanlarına xidmət edirdilər. Amma ulu öndər Heydər Əliyev öz xalqını belə bir anda tək qoya bilməzdi və özünün də, ailəsinin də həyatını təhlükə altına alaraq Bakıya gəldi. O, qısa bir zamanda vəziyyəti analiz elədi, ardınca Gəncəyə gəldi, orada görüşlər keçirdi və bundan sonra Bakıya qayıdaraq tanıdığı, bildiyi adamları vəzifəyə çağıraraq Azərbaycanın prioritet istiqamətlərini müəyyənləşdirməklə ölkəmizi böhran durumundan çıxardı”.

M.Quliyev deyib ki, bu gün Azərbaycan şərəfli yol keçir, ölkəmiz dünyada tanınır və bizi inkişaf etmiş dövlətlərlə müqayisə edirlər: “Bu, həqiqətən də, belədir. Çünki ulu öndər bunu görürdü, istiqamətləri göstərirdi və xalqımız da həmin gərgin əməyin nəticəsində bu gün firavan yaşayır. Məhz buna görə də Prezident İlham Əliyevə xalqımız minnətdardır. Çünki dövlət başçısı ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Azərbaycan bir sıra ölkələrlə müqayisədə kiçik dövlət olmasına baxmayaraq, dünyada öz sözünü deyir”.

Elman Nəsirli: “Bugünkü Azərbaycan ulu öndərin bizə miras qoyduğu bir əmanətdir”

Ulu öndər Heydər Əliyevin vəfatından 12 il keçdiyini qeyd edən millət vəkili Elman Nəsirli deyib ki, bu gün Azərbaycan xalqı onun xatirəsini yad edir. Onun sözlərinə görə, ümumilli lider Azərbaycanın dövlətçlik tarixində misilsiz xidmətləri olan şəxsiyyətdir: “Bugünkü müasir Azərbaycan dövləti məhz ulu öndərin bizə miras qoyduğu bir əmanətdir. Təbii ki, bu əmanəti göz bəbəyi kimi qorumaq lazımdır və xalqımız da məhz belə edir.

Ulu öndərin həm 1969-1982-ci illərdə, həm də 1993-2003-cü illərdə hakimiyyətdə olduğu dövr zaman, ictimai-siyasi formasiya baxımından nə qədər fərqli olsa da, amma Azərbaycan xalqına, dövlətçiliyə xidmət baxımından oxşardır, bir eyniyyət təşkil edir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illərlə bağlı təkcə bir faktı deyim ki, bu müddət ərzində 213 sənaye müəssisəsi tikilib istifadəyə verilib. Ulu öndərin ən mühüm xidmətləri sırasında bir faktı da qeyd edim ki, 1930-cu illərdən başlayaraq 1970-ci illərə qədər həmişə rusca -Azərbaycanca lüğət SSRİ Dövlət mükafatına layiq görülürdü. Lakin 70-ci illərin əvvələrində ümummilli liderin köməkliyi ilə kollektiv müəlliflərin yazdığı Azərbaycan dili dərsliyi SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Yəni, əslində qeyd etdiyimiz lüğət ruslaşmaya xidmət göstərirdisə, Azərbaycan dili dərsliyinin dövlət mükafatına layiq görülməsi artıq milliliyə qayıdış idi və ulu öndər buna nail oldu. Bunun ardınca, 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunur və bu sənəddə dövlət dili Azərbaycan dili kimi qeyd edilir. Ulu öndərin addımları məhz belə idi".

“Onun ən böyük xidmətlərindən biri vətəndaş müharibəsinə son qoyması oldu”

E.Nəsirli vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı artıq müasir Azərbaycan dövlətçiliyinin yaradılması məsələsi idi: “İlk növbədə ulu öndər Azərbaycan dövlətçiliyini bərpa etdi. Xüsusilə, onun ən böyük xidmətlərindən biri ölkəmizdə vətəndaş müharibəsinə son qoyması oldu, dövlətimizin parçalanmasının qarşısını aldı. Təsadüfi deyil ki, 1997-ci ildə ABŞ-da səfərdə olarkən ulu öndərə Amerikanın 16-ci prezidenti Avraam Linkolnun büstünü bağışlayırlar. Qeyd edim ki, Avraam Linkoln ABŞ-ın şimalı ilə cənubunun müharibəsinin qarşısını alıb və ABŞ-ın bugünkü bütövlüyünə görə Avraam Linkolna minnətdardır. Məhz Heydər Əliyevə Avraam Linkolnun büstünü bağışlayırlarsa, deməli, burada paralellik gətirirlər ki, Azərbaycan dövlətçilik tarixində ulu öndərin ən misilsiz xidməti ölkənin bütövlüyünü qoruyub saxlamaqdır. Bu gün Azərbaycan xalqı Heydər Əliyev ideyaları ətrafında daha sıx, daha monolit birləşib və ulu öndərin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Sadəcə davam etdirmir, çox sürətlə dəyişən dünyanın geosiyasi reallığına adekvat şəkildə, novatorcasına, hücum taktikasına söykənməklə davam etdirir”.

“Ulu öndər bütün həyatını Azərbaycan xalqının tərəqqisinə həsr edib”

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutmaq hər bir azərbaycanlının borcudur. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası bu gün ümummilli liderin xatirəsini anır: “Hər birimiz daim onun xatirəsini əziz tutmalıyıq. Heydər Əliyev təkcə doğum günündə, yaxud vəfatının ildönümündə deyil, hər gün anılır. Onun xatirəsi bütün Azərbaycan üçün əzizdir. Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının tərəqqisinə, bu ölkənin inkişafına həsr edib”.

A.Hüseynov deyib ki, Heydər Əliyev bugünkü müstəqil Azərbaycanın banisidir: “İndiki uğurlarımızın əsasında Heydər Əliyevin strategiyası dayanır. Bu gün Azərbaycan xalqını sevindirən odur ki, onun ideyalarını yaşadan Prezident İlham Əliyev var. Onun tərəfindən yürüdülən siyasət Azərbaycan xalqının mənafelərini qorumaqla hələ uzun illər yaşayacaq. Bu gün Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi də məhz Heydər Əliyev şəxsiyyətinin təntənəsidir. Zaman keçdikcə, biz ulu öndərimizin dahiliyini daha dərindən hiss edəcəyik”.



BƏXTİYAR


Müəllif: