Zərdüşt Əlizadə: "Amerika ilə düşmənçiliyi bacaran İran onunla dostluq da qura biləcək"
İyulun 14-də Vyananın "Koburq" hotelində İran və "Altılıq" ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub.
Razılaşmanın detallarını Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlayıb. S.Lavrov bildirib ki, tərəflər əsas sənəd və 5 texniki konkret təklifin yer aldığı birgə tədbirlər planını, habelə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq qətnamə layihəsini razılaşdırıblar. "Güman edirik ki, yaxın günlərdə həmin sənəd BMT TŞ-də yekdilliklə qəbul olunacaq", - deyə o, vurğulayıb.
S.Lavrov onu da əlavə edib ki, Avropa İttifaqı və ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları dərhal aradan qaldırılacaq. Onun sözlərinə görə, ABŞ-ın mülki aviasiya sahəsində İranla əməkdaşlığa qoyduğu məhdudiyyətlər də ləğv olunacaq.
Silah embarqosuna gəldikdə isə Rusiya XİN rəhbəri bildirib ki, embarqo 5 il müddətində qüvvədə qalacaq. Bununla belə BMT TŞ-nin qərarına əsasən həmin müddət ərzində İrana silah satışına icazə verilə bilər.
Obama: "Vyana razılaşması Tehranla bağlı bütün məsələləri həll etmir"
"İranın nüvə problemi ilə bağlı əldə olunmuş razılaşma Tehranla əlaqəli bütün məsələləri həll etmir". Belə bir bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.
Yaxın Şərqdəki tərəfdaşların, o cümlədən İsrail və körfəz ölkələrinin İranın terrorçuluğu dəstəkləməsi ilə bağlı narahatlığını bölüşdüyünü deyən ABŞ prezidenti qeyd edib ki, Vaşinqton Tehrana qarşı sanksiyaları qüvvədə saxlayacaq. Onun sözlərinə görə, həmin sanksiyalar insan haqlarının pozulması və ballistik raketlərin hazırlanması proqramı ilə bağlıdır.
Obama həmçinin administrasiyasının İsrailin təhlükəsizliyinin qorunması istiqamətindəki səylərini önə çəkib.
"İran üzrə razılaşma Rusiyasız əldə edilə bilməzdi"
"Rusiyanın köməyi olmadan İranın nüvə proqramına dair razılaşmanın əldə edilməsi mümkünsüz olacaq idi". Bunu da ABŞ prezidenti Barak Obama deyib. B.Obama "The New York Times" qəzetinə müsahibəsində deyib: "Rusiya kömək edirdi. Mən bunu səmimiyyətlə söyləyirəm. Ukrayna ilə bağlı fikir ayrılığını nəzərə alaraq, düşünmürdüm ki, səylərimiz Rusiya tərəfindən dəstəklənəcək. Mənə çox qəribə gəldi ki, prezident Putin və Rusiya hökuməti iki məsələni bir-birindən ayıra bildi. Rusiya ABŞ-la və digər "altılıq" ölkələri ilə birgə səy göstərməsəydi, uğurlu sazişə nail ola bilməyəcəydik".
Putin: "Tehranla "Altılıq" ölkələri arasında əldə olunan razılaşmanı alqışlayırıq"
Rusiya prezidenti Vladimir Putin Vyanada Tehranla "Altılıq" ölkələri arasında əldə olunan razılaşmaya münasibət bildirib. Putin müvafiq anlaşmanı alqışladığını bildirib. "Rusiya Vyanada İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanmasına dair qəbul edilən qərarı alqışlayır. Ümid edirik ki, bütün maraqlı tərəflər, ilk növbədə "altılıq" ölkələri İranla razılaşdırılan qərarları tam həcmdə icra edəcəklər", - deyə o vurğulayıb.
Rusiya prezidenti razılaşmanın həmçinin dinc atom üzrə Moskva-Tehran əməkdaşlığı baxımından vacibliyini önə çəkib.
Netanyahu narazılıq etdi
Razılaşmanın əldə edilməsindən sonra İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Söhbət zamanı B.Netanyahu bildirib ki, İranın nüvə proqramı ilə bağlı razılaşma İsrailin və bütün dünyanın təhlükəsizliyinə təhdiddir.
"Saziş İrana ən uzağı 10-15 il ərzində nüvə silahını əldə etməyə imkan verəcək. Digər təhdid İran hərbi maşınının beynəlxalq terrorizmə sponsorluq etməsidir", deyə B.Netanyahu bildirib.
Azərbaycan alqışladı
İranla "Altılıq" ölkələri arasında əldə olunan razılaşmaya Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: "Biz, P5+1 və İran İslam Respublikası arasında hərtərəfli fəaliyyət proqramı əsasında danışıqlar yolu ilə nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayırıq. Bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inanırıq".
"Avropanın neft bazarının 43 faizinə sahib çıxmaq niyyətindəyik"
İrana tətbiq olunan sanksiyalar aradan qaldırıldıqdan sonra bu ölkə Avropanın neft bazarının 42-43 faizinə sahib çıxmaq niyyətindədir. Bu barədə İran milli neft şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Möhsün Kamsari bildirib.
"Biz Avropaya neft ixracını maksimum səviyyəyə qaldırmaq niyyətindəyik və ixrac səviyyəmizi İrana tətbiq olunan sanksiyalardan əvvəlki həddə qaldıraraq, Avropa bazarının 42-43 faizinə sahib çıxmaq istəyirik", - deyə M.Kamsari bildirib.
İran səfiri: "Bu razılaşmadan hər iki tərəf udub"
"İyulun 14-də çox mühüm hadisə baş verdi. İranla 5+1 ölkələri arasında İranın nüvə probleminə dair danışıqlar sona çatdı. Bu, həm İran, həm də dünya ictimaiyyəti üçün çox mühüm hadisədir".
Bu sözləri isə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, qarşı tərəf 13 ildən artıq İranın atom bombası istehsal etmək istəməsi bəhanəsi ilə dünyada İran əleyhinə təbliğat aparıb və İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib: "Lakin İran sübut etdi ki, heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb. Ali dini rəhbərin fətvasına görə, İranın hərbi strategiyasında belə bir silahdan istifadə etmək haramdır. Bizim diplomatlarımız bu müzakirələrdə sübut etdilər və qarşı tərəfi əmin etdilər ki, İran dövləti heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb. Dünənki razılaşma sübut etdi ki, müzakirələr aparmaqla müəyyən işləri həll etmək mümkündür. Qarşı tərəf bizi müharibə ilə hədələyirdi, lakin biz bu məsələni müzakirələr yolu ilə həll etmək niyyətində idik. Sübut etdik ki, bizim yolumuz düzgün idi və danışıqlar yolu ilə məsələni həll etmək olar".
Diplomat İranın müzakirələr çərçivəsində müəyyən hədəflərə çatmaq istədiyini və həmin məqsədlərə çatdığını söyləyib: "Bizim danışıqları davam etdirməyimizdə məqsədlərimizdən biri bu idi ki, nüvə proqramımızı davam etdirək və qoruyaq. Biz buna nail olmuşuq. İkinci hədəfimiz İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması idi və biz buna da nail olduq. Saziş icra olunduqdan sonra bütün sanksiyalar ləğv ediləcək. Sonrakı məqsədimiz bu idi ki, İran dosyesi BMT Təhlükəsizlik Şurasından götürülsün. Bu məsələ də öz həllini tapacaq".
M.Pak Ayin bəyan edib ki, bu razılaşmadan hər iki tərəf udub: "Biz heç vaxt istəməmişik ki, bu razılaşmalardan kimsə uduzsun, çünki belə razılaşma uzun müddət sürə bilməz. Bu müzakirələrdə qərblilər anladılar ki, İranla təhdid dili ilə danışmaq olmaz və İran xalqına ehtiramla yanaşılmalıdır. İranın dünən əldə etdiyi qələbə yalnız İranın deyil, bizi sevən digər ölkələrin də qələbəsidir. Bu qələbə İranla qonşu ölkələr arasında iqtisadi münasibətlərin daha da genişlənməsinə imkan verəcək. İran güclü dövlətdir və biz bu gücümüzü regional təhlükəsizliyin təmin olunmasına sərf edəcəyik. İran iqtisadi cəhətdən də güclüdür və bu səbəbdən sanksiyalar dövründə hər şeyə tab gətirdi, inkişafdan qalmadı. Sanksiyalar götürüldükdən sonra bu inkişaf davam edəcək. Hal-hazırda dünyanın və regionun ən böyük problemi terrordur.. Düşünürəm ki, gələcəkdə bununla mübarizədə daha yaxşı fürsətlər əldə olunacaq. Mən Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm ki, dünənki qələbəmiz münasibətilə bizi müxtəlif üsullarla təbrik etdilər. Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirəm".
Böyük Britaniya İrandakı səfirliyinin fəaliyyətini bərpa edə bilər
Böyük Britaniya İran İslam Respublikasındakı səfirliyinin fəaliyyətinin bərpası imkanını nəzərdən keçirir. İTAR-TASS agentliyinin yaydığı xəbərə görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond İranla əldə edilmiş razılaşmanı şərh edərkən deyib. O bildirib ki, İranın nüvə silahı hazırlaması təhlükəsi artıq sovuşub.
"İranın inkişafı Azərbaycana da müsbət təsir edəcək"
Bəs, sanksiyaların aradan qaldırılmasından sonra İranın dünyanın iqtisadi və siyasi həyatındakı rolu necə olacaq? Tehranın qonşularla münasibətində dəyişikliklər gözlənilirmi? Ən əsası razılaşmanın Azərbaycana mümkün təsirləri nədən ibarətdir?
Bu və digər suallara cavab tapmaq üçün politoloq Zərdüşt Əlizadəyə müraciət etdik. Politoloq İranın beynəlxalq ticarətin bir subyekti olandan sonra dünya bazarına çıxışının asanlaşacağını və bu ölkənin iqtisadi qüdrətinin artacağını düşünür. Onun sözlərinə görə, iri şirkətlər İranla müqavilə bağlayıb neft-qaz sənayesinin istismarında iştirak edəcəklər: "Çox güman ki, İranla neft-qaz müqaviləsi bağlanacaq və bununla da, ölkənin beynəlxalq aləmdəki rolu əhəmiyyətli dərəcədə artacaq. Düşünürəm ki, yaxın gələcəkdə neftin qiyməti bir qədər də aşağı düşəcək. Amma bu, fəlakətli həddə olmayacaq. İrana qarşı müharibə təhlükəsi var idi. İsraillə münasibətləri pisləşmişdi. İndi bu təhlükə də arxada qaldı. Əgər İran bundan sonra özünün xarici siyasətini region ölkələrinin xarici siyasətləri ilə uzlaşdıra bilsə, onun regiondakı nüfuzu xeyli artacaq. İqtisadi gücün artması siyasi nüfuzun artmasına gətirib çıxaracaq".
Z.Əlizadənin fikrincə, İrana qarşı sanksiyaların götürülməsi, bu olkənin inkişafı Azərbaycana da müsbət təsir göstərəcək: "Əvvəla, hər bir ölkə qonşusunun güclü, təhlükəsiz və firavan olmasını arzulamalıdır. Azərbaycanın ən yaxın, tarixi qonşusu İrandır. Bizim orada milyonlarla soydaşımız yaşayır. İki ölkə arasında güclü iqtisadi, siyasi, mədəni əlaqələr qurula bilər".
Politoloq hesab edir ki, İrana qarşı sanksiyaların götürülməsi Rusiya üçün dəhşətli faciə olmayacaq: "Bunun Rusiyaya birbaşa mənfi təsiri olmayacaq. Söhbət, sadəcə dünya bazarında neft və qazın qiymətinin düşməsindən gedir. Düşünürəm ki, İran bundan sonra özünün iqtisadi və siyasi əlaqələrini düzgün quracaq. Amerika ilə düşmənçiliyi bacaran dövlət onunla dostluq da qura biləcək".
Səxavət HƏMİD