7 İyul 2017 15:14
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya və Amerika liderləri Hamburqda bir araya gələrək müzakirələr aparacaq.

Teleqraf.com xatırladır ki, dünyanın iki böyük super dövlətinin liderlərinin müzakirəsində hansı qərarların və razılaşmaların əldə ediləcəyi əsas müzakirə mövzusudur. Dünyanın gözü bu saatlarda Hamburqa dikilib

Ekspertlər hesab edir ki, Moskva və Vaşinqton bir sıra problemlərlə bağlı razılıq əldə edə bilsə, bu dünyada stabilliyin yaranmasına gətirib çıxaracaq.

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər iki liderin görüşü və mümkün nəticələr haqda fikirlərini Teleqraf.com-a açıqlayıb.

Sülhəddin Əkbərin fikrincə, Tramp prezident seçildikdən sonra faktiki olaraq Putinlə ilk dəfədir görüşür və bu təmas tərəflər üçün ilk növbədə öz mövqelərini aydınlaşdırmaq baxımdan fürsətdir: “Hesab edirəm ki, görüşdə bir sıra məsələlər müzakirə ediləcək. Bu sıraya ilk olaraq Suriya, Ukrayna və Şimali Koreya məsələləri daxildir. Ola bilsin ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, habelə Rusiyanın ABŞ-da seçki prosesinə müdaxiləsi məsələlərinə də toxunulsun. Lakin son iki məsələnin müzakirə ehtimalı azdır. Əsas gündəmdə Ukrayna, Suriya və Şimali Koreya məsələsi olacaq. Böyük ehtimalla böhranlı ölkələrdəki vəziyyət müzakirə ediləcək”.

Müsahibimiz qeyd edib ki, Putin-Tramp görüşündən uğurlu nəticə gözləmək doğru olmazdı: “Bu tərəflərin birinci görüşüdür. Mən birinci görüşdən hər hansı bir nəticə gözləmirəm. Ola bilsin ki, dialoqun davam etdirilməsi üçün diplomatik kanalların açıq saxlanılması haqda razılıq əldə edilsin. Və böyük ehtimalla proses xarici işlər nazirlərinin öhdəsinə buraxılacaq”.


Müəllif: Cavad