28 İyul 2017 16:08
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 ildə ilk dəfə israilli nazirin Ermənistana, özü də 3 günlük səfərə getməsi müəyyən suallar doğurur.

Bunu Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu deyib.

Qeyd edək ki, İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbi Ermənistana 3 günlük səfərə gəlib.

Ermənistan mətbuatının yaydığı xəbərə görə, Haneqbi son 10 ildə İrəvanı rəsmi şəkildə ziyarət edən ilk israilli nazirdir. O, 2003-2006-cı illərdə Ariel Şaron kabinetində xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edən nazir olub. Bundan başqa, 2006-2010-cu illərdə İsrail parlamenti – Knessetin təhlükəsizlik və beynəxalq münasibətlər komissiyasının sədri olub.

Elxan Şahinoğlu qeyd edib ki, əlbəttə, İsrail müstəqil dövlət kimi istənilən ölkə ilə münasibət qurmaqda sərbəstdir: “Ancaq niyə işğalçı Ermənistan və niyə indi? Hələ üstəlik Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan sanki Azərbaycana mesaj yollayırmış kimi “İsrail bütün dünyaya olduğu kimi Ermənistana da silah sata bilər” açıqlamasını səsləndirib”.

Politoloq bildirib ki, əvvəla, İsraildən silah almaq üçün pul lazımdır, əgər İrəvanın pulu olsaydı silah almaq üçün ağası Rusiyaya dilənməzdi: “İrəvan Rusiya puluna elə Rusiyadan silah alıb. Çünki bu, Rusiyanın Ermənistana kredit verməsinin əsas şərti olıb. Moskva Rusiyanın krediti hesabına İrəvana İsraildən silah almağa imkan verməz. Odur ki, Ermənistan istəsə belə İsraildən bahalı silahlar ala bilməyəcək, ancaq nəsə də ala bilər.

Bu məsələdə İranın da mövqeyi maraqlıdır. Ayrı vaxt Bakıya hər gələn israilli nazirə görə bizi topa tuturlar, bəs İsrailin regional əməkdaşlıq naziri, özü də keçmiş kabinetlərdə xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edən naziri Tsaxi Haneqbinin Ermənistana 3 günlük səfərinə niyə reaksiya bildirmirlər? Bizə gəldikdə isə mənə elə gəlir ki, diplomatik kanallarla Tel-Əvivdən İsrail-Ermənistan hərbi əməkdaşlığında nə dərəcədə maraqlı olduğunu öyrənməyimizə ehtiyac var”.


Müəllif: Səxavət HƏMİD