“Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət yaralı əsgərlərimiz üçün ehtiyat qan fondunun yaradılmasını təklif edir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında ALP sədri Əvəz Temirxan deyib.
Onun sözlərinə görə, son vaxtlar Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar fonunda yaranmış vəziyyət Lalə Şövkətin iştirakı ilə partiyada müzakirə olunub. Ə.Temirxan qeyd etdi ki, belə bir fond yaradılarsa, ALP lideri və rəhbərliyi öz üzvlərini və sıravi insanları qan verməyə çağıracaq: “Lalə xanım bir həkim kimi ehtiyat qan fondunun yaradılmasının tərəfdarıdır. Məhz bu təklif də onun təklifidir”.
O, Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiyanın Soçi şəhərində baş tutan görüşünün ALP-də müzakirə olunmadığını söyləyib: “Soçi görüşü barədə Lalə xanımla danışmamışam. Partiya rəhbərliyi Soçi görüşü baş tutmazdan əvvəl toplanmışdı. Öz subyektiv fikrimə görə, Soçi görüşünün təfərrüatları bəlli deyil, amma hər halda Azərbaycan görüşdən məğlubiyyətlə çıxmadı.
Biz bəzən Lalə Şövkətin fikirlərinin cəmiyyətə çatdırırıq, amma bildirmirik ki, bu, onun fikridir. Ümumi şəkildə partiya adından ifadə edirik. ALP-nin bütün strateji məsələlər üzrə bütün bəyanatları Lalə Şövkətin mövqeyidir. Qarabağ münaqişəsi, saxlanılan hüquq müdafiəçiləri ilə bağlı Lalə xanımın mövqeyi ortaya qoyulub. Bəzi dövlətlər istəyir ki, Azərbaycanın Dağlıq Qarabağda formal ərazi bütövlüyü təsbit olunsun, amma realda Azərbaycanın ərazisi sayılmasın. Ona görə də Lalə Şövkət hesab edir ki, Azərbaycan heç bir halda Dağlıq Qarabağda suverenliyinin itirilməsi ilə razılaşmamalıdır. Ermənistanla münaqişənin çözülməsində Ermənistandan qovulmuş soydaşlarımızın hüquqlarının bərpası haqqında da düşünmək lazımdır”.
Nərgiz