“İçərişəhərdə qala divarlarının bir hissəsini söküb kafe tikirlər. Keçmiş Sovetskidə tarixi abidələrin bəzilərini uçurdurlar. Tanınmış şəxsiyyətlərin yaşadığı evləri ortadan qaldırırlar. Hər gün bu cür neqativ informasiyanın içində üzməyimizə rağmən, bu günkü insana olan biganəliyimizi tarixin daşlarına da qarşı davam etdiririk”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, baş verənlərdə ən acınacaqlısı budur ki, ictimai qınağı nəzərə almaq barədə bu işi görənlərin heç biri düşünmək istəmir:
“Mərhum Vaqif Səmədoğlu əlli il öncənin sökhasökünə məruz qalan İçərişəhəri “Biçarə şəhər” adlandırırdı. İndisə yalnız biçarə qalan İçərişəhər deyil, bizlər hamımızıq. Yəni hər hansı bir zərərli tendensiyanı dayandırmaq imkanımız yox.
Çünki qanundan öncə qaydalar işləyir və qanun qaydanı özünə tabe etdirə bilmir. Xatırlayırsınızsa, Yasamal rayonunda 20 yanvar metrosuna yaxın ərazidə ağacların dibinə kimyəvi turşu tökmüşdülər, hamısı bir neçə günün içində məhv edildi. Başqa yerlərdə də baş verən ağac qətliamına son qoymaq imkanımız yox. Yəni İçərişəhər də təqribən ağaclara bənzər formada əridilir. Halbuki, bu tarixin nadir incisinə toxunmaq olmaz, bir daşını da cızmaq, sındırmaq olmaz”.