7 May 2019 13:03
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı son 3 ayda görülmüş işlərə dair hesabat brifinqi keçirilib.

Teleqraf.com xəbər verir ki, İsmayıllı rayonunda baş tutan tədbirdə sözügedən rayonların icra hakimiyyətlərinin başçıları bu istiqamətdə görülmüş işlər barədə məlumat veriblər.

İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqov bildirib ki, İsmayıllı rayonu ərazisində 114 yaşayış evi qəzalı vəziyyətə düşüb. Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə rayon üzrə 176 yaşayış evinin tikintisinə başlanılıb.

İcra başçısı qeyd edib ki, zəlzələ ölkə tarixində böyük hadisələrdən biri kimi qiymətləndirilir: “Belə hadisə 1981-ci ildə baş vermişdi. 6,5 gücündə zəlzələ olmuşdu və dəymiş ziyanın aradan qaldırılması üçün insanların yanına ilk gələn Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi, ulu öndər Heydər Əliyev olmuşdu".

Mirdaməd Sadıqov deyib ki, fevralın 5-də baş verən zəlzələ ilə əlaqədar dövlət ciddi addımlar atıb: “Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və əməkdaşları hadisə baş verən günün səhəri rayonda idi. Növbəti gün Azərbaycan Prezidenti İlham Əliyev rayonumuza gəldi və zəlzələdən ziyan çəkən əhali ilə görüşüb konkret tapşırıqlarını verdi. Bu günədək zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar işçi qrupu və komissiya çox iş görüb. Zəlzələnin episentri buraya düşsə də, qonşu rayonlara nisbətən İsmayıllı daha az ziyan çəkib”.

İcra başçısı vurğulayıb ki, sakinlərdən 66 yaşayış məntəqəsindən 1272 ərizə daxil olub, onlardan 1257-nə yerindəcə baxılıb: “Ərizələrin doqquzu təkrar sayılıb, altı nəfər sakinin müraciətinə baxmayaraq, qapısı açılmayıb. Biz həmin evlərin sakinlərini tapa bilmirik, Bakı və ya respublikadan kənarda yaşayırlar, zərər çəkmələri barədə məlumatlar veriblər. 344 ev qənaətbəxş hesab edilir, 455 evin bərpasına, 344 evin təmirinə sərəncam verilib. 114 ev isə ən qəzalı ev sayılır. Onlardan 97-si vaxtilə sürüşmədən əziyyət çəkən evlərdir. Evlərdən 76-sı tikilmək üzrədir. Bundan sonra sürüşmə zonasında evlər tikilməyəcək ”.

O, zəlzələ zamanı ictimaiyyətdə ajiotaj yaranmadığını bildirib: “İctimaiyyətə təşəkkür edirəm, elə insanlar var ki, zəlzələdən əziyyət çəkənləri evində saxlayır, onlara yardım edir”.

Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev çıxışında qeyd edib ki, zəlzələ nəticəsində Ağsu rayonunda 350 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.

O bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə hazırda rayon üzrə 162 yaşayış evinin tikintisinə başlanılıb. Eyni zamanda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış evlərinin, müxtəlif sosial və infrastruktur obyektlərinin tikintisi həyata keçirilir: “Zəlzələdən sonra dövlət başçısı rayona gələrək, təbii fəlakətdən əziyyət çəkən insanlarla görüşdü və elə həmin gün dəymiş ziyanın aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılması barədə sərəncam verdi”.

Daha sonra çıxış edən Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov öz növbəsində vurğulayıb ki, rayon ərazisində 284 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, 112 yaşayış evinin tikintisinə başlanılıb. Onun sözlərinə görə, Şamaxı rayonunda tikiləcək yeni çoxmənzilli yaşayış binalarında 81 ailənin yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən, Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları aradan qaldırılmaqdadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər