14 Dekabr 2020 22:15
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağlar və Çaylaqqala kəndlərində gizlənən və mülki şəxslərə hücum edən erməni silahlı dəstələrinə qarşı əməliyyat keçirməsi dəstəklənəndir. Sülhməramlı qüvvələr və ermənilər anlamalıdır ki, Azərbaycan öz ərazilərində əsgərinə və mülki vətəndaşlarına hücum edən terrorçuları zərərsizləşdirəcək. Ancaq təəssüflər olsun ki, ordumuzun bu addımından sonra rus sülhməramlılarının fəaliyyəti, hansısa xəritə çap edilməsi tərəfimizdən qəbul edilə bilməz.

Bu fikirləri Teleqraf.com-a sabiq nazir Firudin Cəlilov deyib.

Firudin Cəlilov hesab edir ki, sülhməramlıların həmin əraziləri məsuliyyət zonasına daxil etməsi mümkün deyil: “Bu, sadəcə prosesdə bir detaldır və mümkündür ki, bu kimi hallar təkrar olunsun. Biz cəmiyyət olaraq bunu qəbul edə bilmərik. Rus sülhməramlıları 10 noyabrda imzalanan sazişə əsasən fəaliyyət göstərməlidir. Başqa cür ola bilməz. Onsuz da onların fəaliyyəti Azərbaycanda birmənalı qarşılanmır”.

Sabiq nazir qeyd edib ki, Azərbaycanın bu kimi addımlardan narahat olması başadüşüləndir: “Ancaq hadisələr bizim xeyrimizə davam edir. Əsas odur ki, Ermənistan bütövlükdə iflic olub, cəmiyyət iki hissəyə bölünüb. Vətəndaş müharibəsi ola bilər. Hökumətləri işləyə bilmir, faktiki erməni xalqı qarşısında etimadını itirib. Ermənistanda olan hadisələri izləyirik. Bir daha qeyd edirəm ki, Xocavəndin iki kəndində baş verən hadisəyə ümumi konteksdə baxmaq lazımdır. Rus ordusu təkcə sülhməralı funksiya ilə gəlməyib, onların da öz məqsədləri var. Biz əlbəttə, bu prosesi izləməli, baş verənləri qiymətləndirməliyik. Hesab edirəm ki, Azərbaycan hökuməti nə etdiyini bilir. Elə məsələlər var ki, onları dilə gətirmək lazım deyil. Amma sülhməramlılar da konkret olaraq öz funksiyalarını həyata keçirməlidir. Onların fəaliyyət zonasına daxil olmayan məsələlərə qarışmamalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər