28 Aprel 18:43
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın güneyi” layihəmizdə növbəti yazı vaxtilə Azərbaycanda çalışmış Dr. Xəlil Fikrət Kanadın 1929-cu ildə “Vakit” qəzetində yazdığı məqalədir.

Türkiyə Cümhuriyyətindəki ziyalıların Cənubi Azərbaycanda yaşayan türkləri “əcəm”, “iranlı”, “məşhədi” kimi adlandırmasına qarşı çıxan bu məqalə olduqca əhəmiyyətlidir. Günümüzdə də Türkiyədə az bir kəsimin Güney Azərbaycan haqqında məlumatlı olduğunu nəzərə alsaq, tarixi prosesi təhlil edən tədqiqatçılar üçün bu tipli məqalələrin önəmi aydın olur.

Xəlil Fikrət 1892-ci ildə doğulub. 1910–1912-ci illərdə alman liseyində oxuyub, Berlin Universitetinin fəlsəfə, Leyspiq Universitetinin pedoqogiya fakültəsini bitirib. O, Türkiyədə təhsil sahəsində dissertasiya müdafiə edən ilk elmlər doktorudur. 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının dəvəti ilə Bakıya gəlib, Nazirliyin məktəbəqədər təhsil bölümünün rəhbəri təyin edilib. 1923–1926-cı illərdə Bakı Dövlət Universitetində pedaqogika və psixologiya fənlərini tədris edib. Bakıda ikən “Tədris və tərbiyə tarixi” adlı iki cildlik dərslik yazıb. Həmçinin Bakıda “Coğrafiyanın tədris üsulu” adlı kitab qələmə alıb, 1927-ci ildə bəzi əlavələrlə Türkiyədə nəşr etdirib. 1926-cı ildə Xəlil Fikrət Odenvald məktəbinin təcrübəsini öyrənmək üçün Almaniyaya gedib, öyrəndiyi təcrübəni tətbiq etmək üçün Bakıya qayıtmaq istəsə də, sovet hökuməti gəlməsini istəməyib. Nəticədə o, Türkiyəyə qayıdıb, 1974-cü ildə Ankarada vəfat edib.

Xəlil Fikrət mühacirətdə azərbaycanlılarla yaxın münasibətdə olub, Mirzəbala Məhəmmədzadənin Bakıda universitetdə təhsil aldığına dair şahidlik edib. Həmçinin Şeyxzamanlı ailəsinin üzvlərinin Bakıdan çıxarılmasına da köməklik etdiyi qeyd olunub.

“Akbaba” dərgisinin “məşhədi”sindən Turqut Ozalın “şiə”sinə qədər olan dövrün bir parçasını ehtiva edən bu yazını təqdim edirik:

***
Dr.

Xəlil Fikrət

Milliyyətimizə hörmət

Heç unutmuram. Bundan təqribən bir il əvvəl ankarada hüquq tələbəsi iki azərbaycanlı dostum təlaşla otağıma girmiş, gözləri sulanaraq mənə həyəcanla ““Akbaba”da “Məşhədi” adı ilə yazılan yazıları oxuyursunuzmu?” deyə soruşmuşdular.

Mən bu əziz qardaşlarımın nə demək istədiklərini yaxşı başa düşmüşdüm. Onlar “Akbaba”nın Məşhədisi kimi danışan, fəqət xarakter etibarilə Məşhədiyə heç bənzəməyən canlı, idealist türklərdi.

““Bəli” dedim, “oxuyuram və mən də sizin qədər bu hala mütəəssirəm. Nə edək? Ərzurum civarında sizin kimi danışan türklərə “məşhədi” demək ağlımıza gəlmir. Fəqət hüdudun həmən o biri tərəfində eyni qandan olan, eyni dillə danışan qardaşlarınızı iranlılardan ayırd edə bilməməyimiz, Türk coğrafiyasının və Türk tarixinin məktəblərimizdə istənilən şəkildə oxunmamasından qaynaqlanır.

Biz türklər bu cəhalətin çox cəzasını çəkdik və çəkirik. Bunda çox əski idarəçiliklərin təsiri olduğu kimi məşrutiyyətçilərin belə az-çox təsiri vardır. Fəqət görürsünüz ki, bu türklər yavaş-yavaş mənliyini dərk edirlər. Milliyyətimizi idrak xüsusunda dünənə nəzərən necə böyük fərqlər olduğunu sizlər də, zənn edirəm ki görürsünüz.

Dünən din məsələsi önə çəkilərək şiə olan türklərə “əcəm” və “iranlı” deyirdik. Bugünkü dünyəvi Türkiyə bu münasibətsizliyin faktiki qarşısındadır. Bu gün hansı din və məzhəbdə olsaq da, hamımıza “türk” deyilməkdədir.

Mədəni millətlərin hamısında təbii olan bu anlayışın bizdə hələ istənilən şəkildə təcəlli edə bilməməsi, dediyim kimi, keçmişin xətası üzündəndir. Bu xətanın birdən-birə yox olmamasını da insafla düşünsək, təbii qəbul etməyə çalışmalıyıq”.

Məni sükunətlə dinləyən dostlarım, o zaman heç unutmayacağım bu psixoloji təhlil ilə sözlərimi kəsmişdilər:

“İnsana qırx gün dəli deyərlərsə, həqiqətən, dəli olarmış!” sözündə incə bir nöqtə gizlənib. Bu nöqtəni biz milliyyət məsələsinə də aid edə bilərik. Əcəmlər Azərbaycan türklərinə milli məktəb açmırlar və hər vəsilə ilə onlara “siz iranlısınız və əcəmsiniz, hüduda yaxın olduğunuz üçün türkcə danışırsınız!” deyirlər və cahil xalqı aldatmağa çalışırlar. Xalq gözünü bu tərəfə çevirir və bu tərəfdən də biz onlara aşağılayıcı bir lisanla “siz məşhədisiniz!, türk deyilsiniz!, əcəmsiniz!” deyərək bağırırıq. Zavallı xalq əvvəla bir şübhə dövrü keçirir və bundan sonra şübhəsi itərək “mən həqiqətən, türk deyiləm, iranlıyam, ona görə də əcəməm!” deyir və ruhən o tərəfə meyil edir. Aramızda yaşayan minlərlə iranlı türkün əcəm qalması xüsusilə bizim qəbahətimizdir. Milliyyətini idrak edən azərbaycanlı münəvvərlər üzərində bu sözlərin təsiri ancaq üzüntü oyandırmaqla qalır. Halbuki xalq arasında vəziyyət eynilə söylədiyimiz kimidir. Biz türk münəvvərlərinin məmləkətimizdə vətəndaşlarımız arasında milliyyət şüurunu oyandırmaq xüsusunda çəkdiyimiz müşküllər yuxarıdakı psixolojik məsələ ilə çox əlaqədardır. Ona görə bizim böyük qardaşımız olan Türkiyə türklərindən istədiyimiz yeganə şey Türkiyə hüdudu xaricində yaşayan bütün türklərə hörmət etmək, onları zorla başqa millət zümrəsinə soxmamaqdır...”

Aradan uzun müddət keçmişdi. Keçən gün, oktyabrın 7-də “Akbaba”da Məşhədi namı ilə gördüyüm bir yazıda “Abdəstxana işarəsi sizin İranda yoxdurmu?...” kimi çirkin və soyuq bir cümlə gördüyüm zaman bu yazıları oxuyan bütün azərbaycanlı qardaşlarımın üzüntülərini təxəyyül etdim, ağlayacaq qədər mütəəssir oldum.

Türk münəvvərlərindən və mühərrirlərindən milliyyətimizə qarşı daha hörmətkar olmalarını tələb etmək bilmirəm, hörmətsizlik olarmı?

“Vakit”, 4225-ci say, 14.10.1929


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər