Müasir tariximizin çox əlamətdar 2 mühüm hadisənin ildönümləri ərəfəsindəyik. 2 gün sonra Milli Qurtuluş Gününün 30 illiyi ilə tarixi Şuşa Bəyannaməsinin 2 illiyini millət olaraq sonsuz fərəh və qürur hissi ilə qeyd edəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Tamam Cəfərova deyib.
O qeyd edib ki, 15 iyun Azərbaycan xalqının qurtuluşu olmaqla yanaşı, Azərbaycan tarixinin dönüş nöqtəsi və dövlətçilik tariximizin şanlı səhifəsidir: “Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş və böyük zəfərlərə doğru gedən yolun başlanğıcı deməkdir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin 15 İyun Milli Qurtuluş Günündə imzalanması xüsusi rəmzi məna daşıyır. 15 İyun Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi və yeni bir dövrün başlanğıcı olduğu kimi, Şuşada imzalanan Bəyannamə də iki qardaş ölkə arasında tarixi münasibətlərin keyfiyyətcə yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi böyük bir tarixə əsaslanır. Burada xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması böyük öndərlərin yanaşma və fəlsəfəsinin əbədiləşməsinin təcəssümüdür”.
Millət vəkili bildirib ki, Şuşa Bəyannaməsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlığı strateji mütəffiqlik səviyyəsinə qaldırmış və bu mütəffiqliyin bütün sahələr üzrə perspektivlərini ortaya qoymuşdur: “Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirmişdir”.
Tamam Cəfərova vurğulayıb ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bəyannamə fonunda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri təkcə strateji və hərbi müttəfiqlik münasibətləri deyil, həm də dövlətlərimizin, xalqlarımızın və prezidentlərimizin bütün dünyaya nümunə olan dostluq və qardaşlıq münasibətləridir. Prezident Cənab Rəcəb Tayyib Ərdoğanın hal-hazırda Azərbaycanda səfərdə olması da bunun bariz nümunəsidir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri kontekstində güclənən Türkiyə-Azərbaycan əlaqələri təkcə dövlətlərimiz arsındakı münasibətlərə deyil, bütün türk dünyasının birliyinə və inkişafına, bölgədə sülhə və inteqrasiyaya böyük tövhələr verəcəkdir".