25 Oktyabr 2023 19:50
38 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xalq Azadlıq Partiyasının (XAP) sədri Valeh Mirzəyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Valeh müəllim, Rusiya, Türkiyə, o cümlədən İranın əsas istəyi budur ki, məsələlər 3+3 formatında həll olunsun. Sizcə, bu format kənar qüvvələr üçün bir sədd ola biləcəkmi?

- Dünyada həmişə hadisələr böyük güclərin iradəsindən asılı olaraq formalaşır. Bu gün də elə bir vəziyyətdir ki, dünyada adi siyasət keçmir. Kim güclüdürsə onun sözü keçir. Qafqaz da dünyanın ən həssas bölgələrindən biridir. Çünki şimal, cənub, qərb və şərq dəhlizləri buradan keçir. Buranı nəzarətdə saxlamaq bütün böyük dövlətlərin arzusudur. Hətta Bakıya xarici ölkələrdə “şpion”lar şəhəri deyirlər. Burada bütün xarici ölkələrin hamısının marağı var. Həssas yer olduğu üçün bir-birinə qarşı dururlar. Regionda 3+3 odur ki, üç Qafqaz respublikası, üç qonşu dövlət Rusiya, İran və Türkiyə bunlarda ətraf gücü buraya buraxmaq istəmirlər. Məsələni regional olaraq özümüz həll edə bilərik. Paşinyan ağıllı adamdır. Başa düşür ki, Azərbaycandan kənarda onun heç bir uğuru ola bilməz. Nikol Paşinyan Şahramanyana göstəriş verib ki, Azərbaycan nə deyirsə, yerinə yetir. Çünki gələcəyini orada görür. Erməniləri həmişə terrorçu kimi istifadə ediblər. Bu gün isə terrorla iş görmək olmur. HƏMAS göz qabağında terror aktı həyata keçirdi, nə qədər fələstinli öldü. İsrail də özünü qorumağa məcburdur. Onun üçün silahını, ordusunu artırmalı, sərhədini qorumalı və buna qarşı olanları zərərsizləşdirməlidir. Heç bir aqressiyanı, terroru dəstəkləmirəm. Ancaq bu məsələlərdə zəruri işlər var. Otuz il Qarabağla bağlı danışıqlara ATƏT, Avropa Şurası, BMT hamısı qarışdı, heç biri də köməklik etmədi. Məcbur olub özümüz həll etdik. BMT-nin qətnamələrinin heç biri icra olunmadı. Deməli güc lazım idi, biz də həll elədik. Bütün Azərbaycanın məqsədi birdir. Bunu müharibə zamanı hər kəs gördü.

- Azərbaycanın Türkiyə ilə birgə təlim keçməsi fonunda, Ermənistan Hindistan və Fransa tərəfindən silahlandırılır. Bölgədəki durumu necə şərh edərdiniz?

- Türkiyə və Azərbaycan bir dövlət kimi hərəkət edir. Azərbaycan ordusu modernləşir, Avropa standartına uyğun bir ordudur. Regionda təhlükə sovuşmayıb. Qarşı qüvvələr də adekvat hərəkət edirlər. Heç nəyə baxmadan Türkiyə və Azərbaycan bu cür təlimləri artırmalıdır. Çünki məqamı gələndə kim hazırdısa, o da qalib gələcək. Qarabağda otuz il hazırlaşıb qalib gəlmişik. Burada təsadüf yoxdur. Hamı müharibəyə getmək istədi. Buna otuz il vaxt lazım oldu.

- Ermənistanın Fransa ilə silah sazişindən sonra Ermənistanda revanşist qüvvələr baş qaldıra bilər?

- Onların gücü çatmayacaq. Ermənistanın özü də başa düşüb ki, xeyri yoxdur. Heç bir şey əldə etməyəcəklər. 800 ildir ki, ermənilər çalışırlar. Qazandıqlarını da 44 günə itirdilər.

- Fransa bəyan edib ki, Ermənistana müdafiə silahları veriləcək. Bu ad altında hücum silahları verə bilərmi?

- Heç kim başqa dövlətə birbaşa hücum silahı vermir. Fransa (GM200) radar sistemi verir. Bu, müdafiə yönlü silahlardır. Ukraynaya nə qədər silahlar versələr də, daha çox aqressiyadan qorunmaq üçün müdafiə sistemləri verirlər. Ermənistan məğlub durumda olduğuna görə qorxur ki, birdən onlara qarşı hücum olar. Bundan sonra onlara heç kimin hücum etmək fikri yoxdur. Çünki bizim dövlətimizin siyasəti də humanistdir. Biz öz torpaqlarımızı azad etdikdən sonra istəsəydik, iki günə Zəngəzuru da alıb Naxçıvanda keçib oturardıq. Amma biz bunu eləmədik. Çünki bu, bizim ideologiyamıza, türk mentalitetinə uyğun deyil. Ona görə də bütün dünyaya türk alicənablıq öyrədir.

- Qərb Rusiyanı sıxışdırmağa çalışır. Buna nail ola bilərlərmi? Rusiya özünə qarşı olan bu həmlələrə qarşı hər hansı bir tədbir görəcəkmi?

- Rusiya böyük dövlət olaraq çalışacaq ki, tədbir görsün. Düşünürəm ki, apardığı siyasət düzgün deyil. Aqressiya ilə başqalarını zorla özünə tabe etməklə heç nə əldə edə bilməz. Rusiya məğlub olacaq. Dövlət səviyyəsində deyib ki, Ukraynada dövlətçilik olmamalıdır. Bu şovinizmdir.

- Sizcə, Qazaxın yeddi, Naxçıvanın Kərki kəndi ilə bağlı məsələ necə çözüləcək?

- Onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarıdır. Biz hökmən o torpaqları qaytaracağıq. Ermənistan özü verməyə məcbur olacaq. Ermənistan təslim aktına imza atıb. Nə desək onu da yerinə yetirməlidir. Yalnız torpaq yox, böyük miqdarda təzminat məsələsi də var. Dünya praktikasında belə bir şey var. Əgər lazım olan məbləği verə bilmirsənsə, torpaqla ödəyə bilərsən. Bu məsələlərin bir az zamana ehtiyacı var.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər