NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı birgə bəyannaməyə görə çox nikbindir.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina deyib.
“Düşünürük ki, bu, çox yaxşı xəbərdir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Bu prosesdə Avropa Birliyi və ABŞ-nin, eləcə də Ermənistan və Azərbaycanın ikitərəfli əsasda göstərdiyi səyləri dəstəkləyirik. Bizim üçün vacibdir ki, Qafqazda sabitlik təkcə Gürcüstanda gördüyümüz işlərlə yox, həm də Azərbaycan və Ermənistanda bərqərar olacaq sabitlik vasitəsilə qorunsun”, - alyans rəsmisi bildirib.
İrəvanın NATO-ya inteqrasiyası haqda danışan Kolomina qeyd edib ki, Ermənistan çox açıq formada xarici siyasətini dəyişmək və Rusiyadan uzaqlaşmaq qərarına gəlib:
“Bizim təşviq etdiyimiz budur. Ermənilər öz qərarlarını verməkdə azaddırlar və bunu etmək qərarına gəliblər, məncə, artıq bizə yaxınlaşmağa başlayıblar, daha çox əməkdaşlıq, daha çox siyasi dialoq, NATO-nun daha çox iştirakını xahiş edirlər”.