7 May 21:05
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsinə tələsməməlidir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Tehrandakı rejim bunu istəyirsə, rəsmi Bakının bir sıra tələblərini yerinə yetirməlidir:

“Azərbaycanın İrandakı səfirliyi burada törədilən terror aktından sonra dayandırılıb. İran səfirliyin yenidən açılması üçün dəfələrlə Azərbaycana müraciət edib və danışıqlar aparıb. Amma özü bunun üçün Bakının şərtlərini yerinə yetirmir. Şərtlərin yerinə yetirilməsi bır qırağa, heç bu aktı törədən terrorçunun məhkəmə prosesi şəffaf keçirilmir, Azərbaycan bu barədə dürüst məlumatlandırılmır. Üstəgəl, İranda Azərbaycanın suverenliyi və təhlükəsizliyini hədəfə alan siyasi fəaliyyətlər davam etdirilir. Məsələn, martda özünü “Ələkrəm Hümbətovun davamçısı” adlandıran bir separatçını çağırıb Rəştdə tədbir keçirmişdilər.

İran regionda sülhə mane olmaq üçün Ermənistana silah ötürür. Təsadüfi deyil ki, bu günlərdə İranın Ermənistana antidron sistemləri verməsi barədə məlumat yayılıb. “Hüseyniyyun” adlı bir terror qruplaşması təsis edilib, arxasında da SEPAH durur. Həmin qruplaşma müxtəlif kanallarda anti-Azərbaycan təbliğatı aparılır, üzvləri Tehranda keçirilən konfranslara dəvət edilir.

İrana şərtlərimiz bəllidir. Birincisi, SEPAH Azərbaycana qarşı informasiya məkanında terroru təbliğ edən və təhlükəsizliyimizi təhdid edən çağırışlara son verməlidir. İkincisi, İranda fəaliyyət göstərib Azərbaycana qarşı terror çağırışları edənlər susdurulmalı və həbs edilərək təhvil verilməlidir. Üçüncüsü, İran öz ərazisindən Azərbaycanın suverenliyini hədəfə alan toplantılara son qoymalıdır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, bütün bunlara baxmayaraq, İran geri addım atmaq istəmir:

“Azərbaycan və İran prezidentləri sərhəddə su bəndinin açılışında iştirak edəcəyi barədə məlumat var. Bu, ikitərəfli əlaqələrin normallaşmasında yeni mərhələ ola bilər. Amma Tehran Bakının şərtlərini yerinə yetirərsə...”.


Müəllif: Mənsur Rəğbətoğlu