27 İyul 2015 15:55
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilçilik İnstitutunun keçmiş direktoru, akademik Tofiq Hacıyevin vəzifəsindən istefa verməsi ilə əlaqədar AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsindən mövqe bildirilib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyevin sözlərinə görə, Tofiq Hacıyev öz ərizəsinə əsasən işdən azad olunub.

O, bildirib ki, İnstitutun direktoru vəzifəsini hazırda Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu icra edir.

Akademik Tofiq Hacıyev isə mətbuata açıqlamasında bildirib ki, 2008-ci ildən heç bir elmi məqaləsi olmayan iki böyük elmi işçinin əmək intizamını pozmaları ilə əlaqədar işdən azad edilməsi onun istefasına səbəb olub. Tofiq Hacıyev həmin işçiləri şöbə müdirlərinin verdiyi təqdimata əsasən, təşkil edilən komissiyanın apardığı araşdırmalara və Elmi Şurada verilən qərara əsasən işdən azad etdiyini bildirib: “Görünür, onlar da buna görə mənim haqqımda ora-bura şikayət ərizəsi yazıblar. Nəticə də bu oldu ki, istefa vermək qərarına gəldim".

Mətbuatda isə Tofiq Hacıyevin keçmiş direktor müavini Məhəbbət Mirzəliyeva ilə qarşıdurmaya görə istefa verdiyi barədə məlumatlar yer alıb. Baba Əliyev bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Onu da bildirək ki, iyulun 15-də AMEA Rəyasət Heyətinin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında ölkə prezidentinin 23 may 2012-ci ildə verdiyi sərəncamın icrası ilə əlaqədar təcili toplantı keçirildiyi haqqında redaksiyamıza məlumat daxil olub. Həmin iclasda proqramın icrasına dair ayrılan 2 milyon dövlət vəsaitinin hansı təyinat üzrə xərclənməsi haqqında da fikir səslənib.

Dilçilik İnstitutunun adının çəkilməsini istəməyən əməkdaşlarından birinin Teleqraf.com-a bildirdiyinə görə, Tofiq Hacıyev instituta rəhbər təyin ediləndə, ümumiyyətlə, belə bir vəsait olmayıb. Onun sözlərinə görə, bununla belə Tofiq Hacıyev Dilçilik İnstitutunda əsaslı işlər görülməsinə nail olub: “Tofiq müəllim öz işini gözəl bilən, lüzumsuz yerə kimsəni tərifləməyən, ləyaqətli insandır, hörmətli akademikdir, nüfuzlu elm adamıdır. O, bu institutda rəhbərliyə başladığı gündən 20 ildə görülməyən işləri gördü, yoxsa institutumuz ölü bir bölgə institutu səviyyəsində idi. Uğurlu nəticələr, çəkilən zəhmət də göz önündədir. O, məzuniyyətdə idi, sentyabrın 4-ü işə gələcəkdi. Ona görə də Tofiq Hacıyevin özü məzuniyyətdə ola-ola ona istefa ərizəsinin yazdırılması hüquqi baxımdan doğru deyildi”.

İnstitutun monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli ilə əlaqə saxladıq. Qulu Məhərrəmli Teleqraf.com-a bildirdi ki, o, öz mövqeyini Facebook sosial şəbəkəsində yazıb. Onun səhifəsində yalnız belə bir statusa rast gəldik: “Akademik Tofiq Haciyev - görkəmli alim, dil tariximizin fədakar tədqiqatçısı və milli düşüncənin daşıyıcısı”.

İnstituta yeni rəhbər təyin edilən Möhsün Nağısoylu ilə də əlaqə saxlamaq istədik. Bundan sonra institutun fəaliyyətinin hansı prinsiplərə əsasən qurulacağı ilə maraqlandıq. Amma cəhdimiz baş tutmadı. Mətbuat katibi Təranə Şükürlü dedi ki, Möhsün Nağısoylunun bu vəzifəyə rəsmi təyinatı avqust ayının 4-dən veriləcək. Rəsmi təyinat olmayana qədər isə o, heç nə danışmaq istəmir.

Qeyd edək ki, Möhsün Nağısoylu 1946-cı ildə Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsini bitirib. 1988-ci ildən “Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiridir. Əsasən farsdilli və türkdilli əlyazmaların tədqiqi sahəsində çalışıb. Uzun illər Əfqanıstanda fars dili tərcüməçisi işləyib. 1996-2002-ci illərdə Qafqaz Universitetində “Azərbaycan dili” və “Türk İslam ədəbiyyatı tarixi” fənlərini tədris edib, 2005-ci ildən Sumqayıt Dövlət Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının professorudur.

Adının çəkilməsini istəməyən həmsöhbətimiz Dilçilik İnstitutunun əməkdaşları adından bildirdi ki, Tofiq Hacıyevin Azərbaycan türkcəsinin inkişafına dair institutda apardığı islahatların Möhsün Nağısoylu tərəfindən uğurla davam etdiriləcəyinə ümid edirlər.

S.HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər