“Qurultaya hazırlıqlar yekunlaşıb. Bizim 11 nəfərdən ibarət təşkilat komitəsi fəaliyyət göstərir. Bu müddətdə texniki məsələlər həllini tapıb. Hazırda əsas problem qurultayın keçiriləcəyi yerlə bağlıdır”.
Bunu Teleqraf.com-a açıqlamasında “Ağ Blok”un rəhbəri Tural Abbaslı deyib.
Xatırladaq ki, “Ağ Blok”da toplaşan müsavatçı gənclər Vahid Azərbaycan Partiyasının üzvü olublar. “Ağ Blok”un lideri Tural Abbaslı isə mediaya açıqlaması zamanı qeyd etmişdi ki, qurultayda Vahid Azərbaycan Partiyasının adı dəyişdirilərək Ağ Partiya qoyula bilər.
T.Abbaslı qurultay məkanı üçün fantastik məbləğ istənildiyini deyir: “Təbii ki, bir çox otellərin konfrans zalları var. Eləcə də bəzi obyektlər var. Lakin onlar bizə yer verməkdən çəkinirlər. Biz də Bakı meriyasına yerlə bağlı müraciət etmişik. Bakı Şəhər İcra Hakimiyyəti isə qurultayı Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət mərkəzində keçirməyi təklif edib. Ancaq bəllidir ki, ora şəhərdən kənardır. Həmçinin insanların siyasətə marağı da yoxdur. Yəni həm məkanın yerləşdiyi yer, həm də texniki imkanlar səviyyəsi bizə cəlbedici deyil. Biz indiyə qədər onlarla yerə müraciət etmişik.
Bəziləri partiya tədbiri olduğunu eşidən kimi kənara çəkildi, bəziləri isə fantastik məbləğ dedi. İndi 2-3 yerə daha müraciət etmişik. Onlardan cavab gözləyirik”.
Bununla belə Tural Abbaslı qeyd edib ki, qurultayın keçirilməsi məqsədilə Beynəlxalq Mətbuat Mərkəzinə də müraciət ediblər: “Onlardan da cavab gözləyirik. Əgər bu həftə yer problemini həll edə bilsək, ümumi razılıq əldə etsək, növbəti həftənin sonunda qurultayı keçirəcəyik”.
T.Abbaslı onu da bildirib ki, son anda ADP və ya VHP qərargahında qurultay keçirmək üçün bu təşkilatların sədrlərinə müraciət etmək məcburiyyətində qalacaqlar.
Cavad