16 İyun 2016 17:52
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyası (ADP) bir qrup müxalifət partiyasının yaratdığı Antiböhran Koalisiyasının tərkibindən çıxmağa hazırlaşır.

Bu haqda Teleqraf.com-a ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu mövzu ADP idarə heyətinin toplantısında müzakirə edilib: “Hesab edirəm ki, bu, indiki dövrün siyasi şərtlərinə uyğundur. Çünki böhran masası yaradılan zaman biz bütün müxalifətin iştirak edəcəyi bir koalisiyanın tərəfdarı idik. Ancaq təəssüflər olsun ki, bu alınmadı. Müxalif düşərgədə bir sıra partiyalar, o cümlədən AXCP və Müsavat Partiyası bu koalisiyadan kənarda qaldı. Beləcə, biz böyük bir müxalifət koalisiyasını yarada bilmədik. Sonra nisbətən kiçik bir əməkdaşlıq modelinin yaranmasına razılıq verdik”.

ADP nümayəndəsi daha sonra qeyd edib ki, onlar müxalifətin Antiböhran Koalisiyasında tam hüquqlu üzv kimi iştirak etməyib: “Biz koalisiyada məşvərətçi səs hüququ ilə iştirak edirdik. Baxmayaraq ki, Koalisiyanın bütün tədbirlərində yüksək səviyyədə iştirak edirik, lakin biz oranın tam hüquqlu üzvü deyilik. Bu gün də vəziyyət bundan ibarətdir”.

Həsrət Rüstəmov qeyd edib ki, indi siyasi baxımdan mövqelərində bir qədər dəyişiklik baş verib: “Hesab edirik ki, son illər baş verən devalvasiya prosesi, dünya bazarında neftin qiymətdən düşməsi və digər amillər ölkədə əhalinin yaşam səviyyəsinə təsir edib. Azərbaycan hökuməti bununla bağlı tədbirlər gördüyünü qeyd edir. Biz hesab edirik ki, gələcəkdə ictimai fikrə təsir etmək və digər ciddi addımlar ata bilmək üçün müxalif düşərgədə daha geniş və ciddi işləyəcək koalisiyaya ehtiyac var.

Bu koalisiyada əsas qüvvələr də iştirak etməlidir. Biz belə bir koalisiyanı qurmaq üçün ADP-nin müstəqil olması, bu istiqamətdə müstəqil addımlar atmasının vacibliyini görürük. Odur ki, ADP rəhbər heyəti müzakirə aparıb və belə nəticəyə gəlib ki, partiya Antiböhran Koalisiyasından çıxmalıdır. İndi bu səlahiyyət ADP sədrinə verilib. Sədr sonrakı mərhələ üçün qərarlar verməlidir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər