İyunun 23-də Dövlət Statistika Komitəsində dövlət qulluqçularının peşə bayramına həsr olunan tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov öncə Azərbaycan Respublikası Prezidentinin iyun 22-də imzaladığı Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Komitənin 5 əməkdaşını təbrik edib. Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.
Heydər Əliyevin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə gördüyü işlərin nəticəsi olaraq dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul olunduğunu və "dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışlarının gündəmə gəldiyini xatırladıb.
Bu qanunvericilik aktlarının böyük qismi bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəldilib. Nəticədə ölkəmizdə dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırılıb. Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Həmin tarixdən etibarən dövlət idarəetmə orqanlarında çalışanlar dövlət qulluqçusu adlandırılıblar. Dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və kadr siyasətinin əsas prinsiplərini müəyyənləşdirən bu Qanun Avropa İttifaqına daxil olan dövlətlərin tətbiq etdikləri prinsiplərə uyğundur.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında mühüm rol oynayır.
Dövlət Statistika Komitəsi Aparat rəhbərinin müavini Xosrov Əbdürəhmanov Azərbaycanda dövlət qulluğunun yaranması və formalaşdırılması mövzusunda çıxış edib.
Toplantıda komitənin bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar və mükafatlar təqdim olunub.
İlhamə ƏBÜLFƏT