8 İyul 2016 14:19
2 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Makedoniya Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya parlamentinin deputatı Enes İbrahimlə müsahibəni təqdim edir.

- Enes bey, bilirik ki, Makedoniya Türk Hərəkat Partiyasının baş katibisiniz. Sizin ölkədə türklərin sayı hansı civardadır və onların əsas məşğuliyyəti, fəaliyyəti, işi nədən ibarətdir?
- 2013-cü ildən etibarən Makedoniya Türk Hərəkat Partiyasının baş katibi vəzifəsinə seçilmişəm və hazırda bu görəvimi davam etdirirəm. 2014-cü ildən isə Türk Hərəkat Partiyasının və müxalifət cəbhəsinin tək türk və müsəlman millət vəkiliyəm. Makedoniya türklərinin taleyi digər türk toplumlarının taleyinə çox bənzəyir. Dünyanın hər nöqtəsində türklər necə yaşayırsa, necə dağınıq bir coğrafiyada həyat sürürsə, Makedoniya türkləri də ölkə ərazisində dağınıq bir coğrafiyada yaşamaqdadır. 2002-ci ilin rəsmi məlumatlarına görə, Makedoniya əhalisinin 3,85 faizini türklər təşkil edir. Başqa sözlə, Makedoniyada 80 mindən çox türk yaşayır. Makedoniya hökuməti 2011-ci ildən bəri əhali sayının statistikasını aparmadığından əhalinin yeni nüfuz sayı barədə rəqəmlər hələlik yoxdur. Makedoniya türklərinin bir hissəsi kənd təsərrüfatı, heyvandarlıqla dolanır, bir hissəsi isə kiçik və orta şirkətlərdə çalışır. İctimai-siyasi sferada isə türklərin çalışma sayı çox azdır.

- Baş katibi olduğunuz partiyanın nə qədər üzvü var və əsasən, seçkilərdə hansı civarda səs ala bilirsiniz?
- Makedoniyada "Siyasi partiyalar haqqında" qanuna əsasən, ən azından min imza ilə siyasi partiya qurmaq mümkündür. Yəni partiyanın ən azı min nəfər üzvü olmalıdır. Son dörd ildə bu iş təkrarlanmaqdadır. Başa vurduğumuz ildə partiyanın qeydiyyat prosedurunu yenilədik. Bu prosesi üç gün ərzində başa çatdırdıq. Bunun üçün 1100 üzvümüzün imzasını topladıq. Hazırda partiyanın rəsmən 1100 üzvü var. Fəqət Makedoniyada notarius qarşısında toplanan imzaların və üzvlük sayının təsdiqlənməsi üçün ciddi ödəniş tələb edilir. Bu səbəbdən də Makedoniyada siyasi partiyalar qanuna uyğun olaraq min nəfəri üzvü prosesə cəlb edirlər. Ancaq ümumilikdə götürdükdə tərəfdarlarımızın sayı 5 min civarındadır. Ancaq onu da qeyd edim ki, Makedoniyada partiyalar seçkiyə koalisiyalar vasitəsilə qatıldıqları səbəbindən tam olaraq kimin hansı civarda səs aldığı məlum olmur. Ancaq bizim təxmini hesablamalarımıza əsasən deyə bilərik ki, 2014-cü ildə keçirilən seçkilərdə Makedoniya Türk Hərəkat Partiyası 10 mindən çox səs alıb.

- Türk Hərəkat Partiyasının fəaliyyəti ancaq türklərlə məhdudlaşır?
- Türk Hərəkat Partiyası Makedoniya türklərinin haqq, hüquq və siyasi arenada mübarizəsini təşkil etmək məqsədilə yaradılıb. Türk Hərəkat Partiyası siyasət, mədəniyyət, təhsil, incəsənət, elm, səhiyyə, dil, din, adət-ənənə, bir sözlə, türk xalqının hərtərəfli inkişafı üçün Makedoniya Respublikası vətəndaşlarının xeyrinə olan sahələr üzrə fəaliyyət göstərir, mübarizə aparır. Türk Hərəkat Partiyası insan əsas hüquq və azadlıqlarının gerçək mənada tanınmasını təmin etmək, cəmiyyətin təməl dəyərlərini siyasətə daşımaq və hakim qalmaq, cəmiyyətin dinclik və barışını təmin etmək üçün addımlar atır. Təşkilatımız Makedoniya türklərinin problemlərini gündəmə gətirib onun həllinə nail olmaq məqsədilə qurulmuş bir siyasi partiyadır. Bundan başqa, üzvü olduğumuz siyasi təşkilat plüralist, çox kökənli, mədəni və Makedoniya Respublikasının hər istiqamətdə inkişafı və demokratik dəyərlərin ön planda tutulması üçün mübarizə aparan bir təşkilatdır. Bir sözlə, Türk Hərəkat Partiyası Makedoniyanın "Siyasi partiyalar haqqında" qanununa əsasən qurulan bir siyasi təşkilatdır. Partiyanın əsas rolu və məqsədi Makedoniyada demokratik dəyərlərin və hüquq üstünlüyünün hakim olması üçün siyasi fəaliyyət aparmaqdır.

- Siz həm də Makedoniya parlamentində təmsil olunursunuz, millət vəkilisiniz. Parlamentdə fəaliyyətiniz nədən ibarətdir, türklərin hüquqlarını qorumaq olurmu?
- Qeyd etdiyim kimi 2014-cü ildə keçirilən erkən parlament seçkilərində Türk Hərəkat Partiyasından millət vəkili seçildim. Təmsil olduğumuz seçki koalisiyasının və müxalifət cəbhəsinin tək türk millət vəkiliyəm. 123 nəfərlik parlamentdə isə cəmi iki türk deputat var. Əsas məqsədimiz Makedoniyada türklərin haqq və hüquqları uğrunda mübarizə aparmaqdır. Eyni zamanda türkcə təhsilin olması, türk dilinin danışılmasıdır. Makedoniya parlamentində türk dilində danışmaq qadağandır. Bu günə qədər Makedoniya tarixində Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl və bizim partiyanın başqanı, professor Adnan Kahil parlamentdə türkcə çıxış edib. Başqa sözlə, Makedoniya parlamentində türk dilində danışmağın qadağan edilməsinə rəğmən parlament tarixində türk dilində danışan üçüncü şəxs mənəm. Maraq naminə deyim ki, parlamentdə türk dilində danışmağın qadağan olmasına rəğmən mən çıxışım zamanı türkləri türk dilində salamladım və bu səbəbdən də ciddi təpkilər aldım. Ancaq mənim üçün daha önəmlisi Makedoniyada türklərin yaşadığı səbəbindən türk dilinin parlamentdə danışılmasının vacibliyidir. Son 10 ildə Makedoniyada türklər hər platformada dışlandığı üçün möhtərəmliyini itirmişdi. Mənim parlamentdə türk dilində danışmağımla daha geniş kütlə Makedoniyada türklərin yaşadığını öyrənə bildi. Bəyan etdim ki, Makedoniyada makedonca və arnavutca (albanca) ilə yanaşı türk dilinin də işlənməsi lazımdır. Dışlanan bir türk toplumu olduğumuz üçün seçkilərdə türklərin sıx yaşadığı bölgələrdə hökumət nümayəndələri türklərə ciddi basqılar edirlər. Ən azından Makedoniya türklərini cəsarətləndirib burada rejimə qarşı dirənən türklərin sayını çoxaltmağımız vacibdir. Buna biz müəyyən mənada nail olduq. Artıq 10 minlərlə türk mövcud hökumətin siyasətini dəstəkləmədiyini, haqlarını istədiyini ifadə edə bilir. Bir sözlə, türklər qorxmadan mübarizə aparır.

- Partiyanız Makedoniyada hakimiyyətdə təmsil olunubmu, yoxsa yarandığınız gündən ancaq müxalifətdə olmusunuz?
- Türk Hərəkat Partiyası 1999-2002-ci illər arasında, eləcə də 2006-2008-ci illərdə qurulan hökumətlərdə təmsil olunub, nazirlik və bir çox fərqli qurumlarda təmsilçilik əldə edib.

- Əsasən hansı türk dövlətləri ilə əlaqələriniz var,
- Bütövlükdə Türkiyə Cümhuriyyəti ilə yaxın əlaqələrimiz, işbirliyimiz mövcuddur. Eyni zamanda dialoqda olduğumuz bir türk dünyası var. Türk dünyası ilə daha çox işbirliyi içində olmamız vacibdir. Mövcud siyasi konyunktura bəlkə əlverişli olmaya bilər, fəqət biz də 300 milyonluq türk dünyasının kiçik parçasıyıq. Özəlliklə Azərbaycan və Qazaxıstanla ikili işbirliyimizi inkişaf etdirəcəyimizə reallıqda çox inanıram.

- Enes bey, bu günlərdə Bakıda sizinlə görüşə bildik. Bu səfər nə ilə bağlı idi, burada kimlərlə görüşlər keçirmişiniz?
- Qeyd edim ki, mən siyasətə gəlməzdən öncə qeyri-hökumət təşkilatlarında demokratiya və insan hüquqları istiqamətində çalışmışam. Üfüq Dərnəyinin rəhbəri olduğum müddətdə Beynəlxalq Avrasiya Pedaqoq Peşələr Birliyinə üzv olduq. Bu birlikdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıprız, Kosova, İraq və Makedoniyada çalışan dərnəklər üzvdürlər. Hər il təmsilçilər toplantımızı üzv olduğumuz ölkələrin birində keçiririk. 11-ci toplantımızı Bakıda keçirdik. Türk dünyasından toplantıya qatılan həmkarlar ittifaqlarının nümayəndələri ilə bir araya gəldik. Azərbaycanda Həmkarlar İttifaqının sədri və millət vəkili Səttar Mehbalıyevlə görüşümüz oldu. Ayrıca toplantıdan kənar Azərbaycandan olan dostlarımızla bir araya gələrək fikir mübadiləsi apardıq. Azərbaycanda ən önəmli dostlarımızdan biri də Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevdir. Bakıya səfərimiz zamanı Bədrəddin Quliyevlə də bir araya gəldik. Azərbaycanda qurduğumuz dostluq telləri ilə Makedoniya və Azərbaycan Respublikası arasında daha çox işbirliyinin həyata keçirilməsi vacibdir. Azərbaycanın Avropaya açılan qapısı nədən Makedoniya olmasın? Mən bir Makedoniya türkü olaraq iki ölkə arasında işbirliyinin dərinləşdirilməsi və inkişafı üçün üzərimə düşən vəzifəni yerinə yetirməyə hazıram.

Nemət Orucov


Müəllif:

Oxşar xəbərlər