İranda nəşr olunan “Tərh-i No” qəzeti iyulun 20-də dərc etdirdiyi bir məqalə ilə Azərbaycan türklərini təhqir edib.
Belə ki, Əbülqasim Firdovsinin “Şahnamə” poemasının qəhrəmanlarının dili ilə türklər “bədbəxt”, “pis irq” kimi təqdim olunublar.
Sözügedən qəzetin Süleyman Əfşar Tikabi adlı milliyətcə Azərbaycan türkü olan müxbiri Firdovsinin əsərindən bir hekayə nəşr edib. Hekayədə türklərə qarşı təhqiramiz ifadələrə yol verilib. Təhqirə etiraz əlaməti olaraq Güney Azərbaycanın Təbriz və Urmiya şəhərlərində etiraz aksiyaları keçirilib.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycan Respublikasındakı təmsilçisi Nəbi Soytürk Teleqraf.com-a bildirib ki, əgər bu təhqiramiz hərəkət ilk dəfə baş versəydi, buna başqa cür yanaşmaq, başqa cür təhlil etmək olardı: “Amma bu hal İran kütləvi informasiya vasitələrində silsilə şəklində baş verdiyi üçün insanı başqa cür təhlillər aparmağa vadar edir. Bilirsiniz ki, ötən ilin noyabrında televiziyada “Fitilə” proqramı nümayiş olundu. Həmin proqramda türklər başqa bir şəkildə təhqir olundular.
Ondan qabaq dəfələrlə olub. Amma ən kobudu 2006-cı ilin may ayında “İran” qəzetində olub. Bu təhqirlər silsilə şəkildə baş verir və heç kim cəzalandırılmır. Hətta bəzi hallarda təhqir edənlərin işi bir az da yaxşılaşır, mükafatlandırılırlar. Bu da onu göstərir ki, bu təhqirlər adi bir şey deyil. Hardasa müəyyən qüvvələr tərəfindən verilən sifarişləri yerinə yetirirlər”.
N.Soytürk qeyd edib ki, budəfəki təhqirə güney azərbaycanlı millət vəkilləri yaxşı reaksiya veriblər: “Təbrizin, Urmiyənın millət vəkilləri, Urmiyənin şəhər şurasının üzvləri nisbətən yaxşı reaksiya verdilər. Ondan sonra Təbrizdə, Urmiyədə etiraz aksiyası keçirildi. Ərdəbildə təhlükəsizlik qüvvələri bir qədər imkan vermədilər, amma Urmiyə və Təbrizdə keçirildi. Bu da sosial şəbəkələr vasitəsilə öncədən təyin olunmuş vaxtda və yerlərdə keçirildi. Məlumatlar var ki, sabah yenə də böyük şəhərlərdə etiraz aksiyaları keçiriləcək”.
GAMAC rəsmisi qeyd edib ki, şahidlərin verdiyi məlumata görə, Təbrizdə və Urmiyədə onlarla insan həbs olunub: “Ancaq onlardan hələlik cəmi iki nəfərin kimliyi müəyyənləşib. Bunlar Huşəng Nəqiliduz, Ruqəyya Əlinizadədir. Tutulanlar barədə hələlik heç bir məlumat yoxdur. Hələlik heç saxlanıldıqları yer də bəlli deyil. Naməlum istiqamətə aparıblar”.
Qeyd edək ki, liberal xəttin tərəfdarı kimi tanınan Həsən Ruhaninin prezidentliyi dövründə bu kimi halların baş verəcəyi az ehtimal olunurdu. Amma göründüyü kimi bu cür hallara onun prezidentliyi dövründə də təsadüf edilir. Bəs, bu hadisələrin baş verməsi nə ilə bağlıdır? Bu, hökuməti daxildə gözdən salmaq istəyən müəyyən qrupun özfəaliyyətinin nəticəsi ola bilərmi?
Bu sualımızı cavablandıran N.Soytürk bunun hökumətdən də o tərəfə olan bir şeylər olduğunu vurğulayıb: “Bu, hətta siyasətin də fövqündədir. Düzdür, siyasətdən bir dəstək alır. Ancaq şah rejimi vaxtında da beləydi. Bu, bir fars şovinizmidir. Bir müddət idi ki, səngimişdi. Bu, onların bir növ həyat tərzidir. Digər tərəfdən də milli hərəkatın, həmçinin regiondakı türk dövlətlərinin güclənməsi, parlaması onları narahat etdikcə bunlar içlərindəkiləri bu şəkildə büruzə verirlər. Bu məsələnin siyasi tərəfləri barədə ancaq bundan sonra danışmaq olar”.
Səxavət HƏMİD