“1969-cu ilin iyul ayında respublikanın rəhbəri seçilən Heydər Əliyev cəmi bir neçə aydan sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söylədi. Həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət istəyirdi. Həmin tarixi günü Heydər Əliyev 25 ildən sonra, BDU-nun 75 illiyinə həsr edilən iclasda artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı:
“Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər”.
Teleqraf.com xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.
J.Əliyevanın sözlərinə görə, sovetləşmə bütün SSRİ məkanında sürətlə davam edirdi və belə bir zamanda – 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər: “Nəticədə Konstitusiyada “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq olundu. Mən bir daha çox əhəmiyyətli və həssas bir məqamı qabartmaq istəyirəm. Bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı”.
Deputat qeyd edib ki, müstəqillik dövründə də milli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması və inkişafı baxımından mühüm tədbirlər görülüb: “Əvvəla, ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın Azərbaycan dilinin qorunması və inkişafı baxımından əhəmiyyətinə toxunmaq istəyirəm. Bəllidir ki, dil məsələsi ilə bağlı çox ciddi sənədlər qəbul olunub. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanmasıdır. Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb.
Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub. Sənəddə dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapır. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən fərman həm də, elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Əlbəttə, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman milli lider Heydər Əliyevin əsəri idi. Burada Heydər Əliyevin qurduğu dövlətin milli dil siyasəti əks etdirilir, həmin dövlət uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunur”.
Latın qrafikalı əlifbaya keçid barədə də öz fikirlərini bölüşən J.Əliyeva əlifbaya keçidin həmişə çox mürəkkəb məsələ olduğunu vurğulayıb: “Azərbaycanda çoxlu sayda əlifbalar dəyişib, amma bu dəyişiklik millətin mədəniyyətinə, dilinə ziyan vuran məsələdir. Amma latın qrafikasına keçidin isə müsbət cəhətləri var. Bu baxımdan, əlifba məsələsi üzərində möhkəm dayanmaq, əlifba stabilliyi və normativliyi çox mühüm məsələdir. Ona görə də, eyni zamanda, Əlifba Günü kimi də 1 avqust tarixi bizim üçün dəyərlidir. Bilirsiniz ki, Azərbaycanda yeni əlifbaya keçid 10 il davam etdi. Bu proses 1990-cı illərin əvvəlindən başladı və 2001-ci ildə yekunlaşdı.
Əlifba quruculuğu məsələsində biz kifayət qədər normal hərəkət etdik. Yəni nə tələsdik, nə də gecikdik. Latın qrafikasına keçid də mürəkkəb hadisə idi. Bu proses üç mərhələdə həyata keçirildi. Belə ki, bu əlifbaya keçid ən mobil sahə olan məktəbdən başladı, sonra dövlət idarələri, sonda isə mətbuat tam olaraq latın qrafikalı əlifbaya keçdi. Burada ən ağır sahə KİV olduğu üçün sonuncu mərhələdə tam olaraq bu sahədə latın qrafikasına keçildi. Doğrudur, mətbuat adamları hazırlıqlı idilər, söhbət bütövlükdə cəmiyyətdən, oxuculardan gedir. Yəni cəmiyyətin bunu mənimsəməsi mürəkkəb proses idi, ona görə də son olaraq mətbuatda bu proses reallaşdırıldı. Latın qrafikasına keçid tam başa çatmayanda müxalifət qəzetləri yazırdı ki, guya hakimiyyət bu əlifbaya keçmək istəmir. Amma keçəndə də müxalifət yazdı ki, bu əlifbaya ona görə keçildi ki, camaat müxalifət mətbuatını oxumasın. Amma bu iddiaların heç bir əsası yox idi. Əlifbaya keçid düşünülmüş şəkildə, problemsiz həyata keçirildi”.
Səxavət