4 Avqust 2016 17:35
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həsən Ruhaninin, İlham Əliyevin və Vladimir Putinin Bakıda nəzərdə tutulan görüşü olduqca mühüm hadisədir”.

Bunu Teleqraf.com-a İranın ölkəmizdəki sabiq səfiri Əfşar Süleymani avqustun 9-da Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin gözlənilən görüşünü şərh edərkən deyib.

Sabiq səfir hesab edir ki, üç ölkənin prezidenti Bakıda bir sıra məsələləri müzakirə edə bilər: “Regional, iqtisadi, siyasi, nəqliyyat, enerji, Xəzərin hüququ statusu, bəlkə də, Dağlıq Qarabağ məsələləri müzakirə edilə bilər. Düzdür, İrana imkan vermirlər ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində iştirak etsin. Amma ikitərəfli və üçtərəfli müzakirələrə İran qoşula bilər. Bu mövzularda aparılan müzakirələr, qəbul olunacaq qərarlara sonradan əməl edilərsə, regionda dönüş nöqtəsi ola bilər”.

Əfşar Süleymani qeyd edib ki, bu müzakirələrə Türkiyə prezidenti Ərdoğanın qatılması da münasib olardı:

“Düzdür, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra vəziyyət fərqlidir, Türkiyə hökuməti daha çox daxili məsələlərə diqqət ayırıb. Ancaq şəxsən mən region və ətrafda olan məsələlər, İran-Azərbaycan-Türkiyə münasibətləri ilə daha çox məşğul oluram. Düşünürəm ki, prezident Ərdoğan bu toplantıya dəvət olunsaydı, dördtərəfli müzakirələr də aparıla bilərdi. Hər halda Türkiyə-Qərb arasında bəzi məsələlər də var.

Terrorizmə qarşı mübarizədə, nəqliyyat məsələsində Türkiyənin geopolitik və iqtisadi baxımından önəmli rolu var. Həmçinin dördtərəfli görüşlər zamanı ola bilsin ki, Rusiyanı razı salmaq olardı ki, Qarabağ danışıqlarında daha aktiv olsun və Azərbaycanın haqlı mövqeyinə meyl etsin, ərazi bütövlüyünün bərpasına dəstək versin. Hesab edirəm ki, iqtisadi, enerji, qaz, neft, nəqliyyat sahəsində dörd ölkəni də bir-birinə bağlamaq olar. Bu, regionun sabitliyi və təhlükəsizliyi, həm də xalqların rifahı üçün münasib olardı”.

Nemət


Müəllif:

Oxşar xəbərlər