“Gürcüstanın mövcud siyasi hakimiyyətinin mənə və müavinimə qarşı olan qərəzli mövqeyini müxtəlif prizmadan izah edənlər var. Özümüzün çox aydın mövqeyimiz var: bu, siyasi məsələdir və Gürcüstanın indiki hakimiyyətinin demokratiya və soydaşlarımızla sağlam olmayan yanaşmasının təzahürüdür”.
Teleqraf.com xəbər verir ki, bunu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib.
Z.Məmmədli qeyd edib ki, soydaşlarımız və hətta bizə yaxın olub, siyasiləşmiş və siyasətə peşəkar yanaşmayan dostlarımız isə əsas arqument kimi bizim təşkilat olaraq Mixail Saakaşvilini “Demokratiyanın Dostu” mükafatına layiq görməyimizi göstərirlər: “Əgər belədirsə, deməli, onların müdafiə etdikləri indiki hakimiyyətin demokratiyaya aidiyyəti yoxdur. Və yaxud həmin düşərgə iddia edir ki, guya gürcülərin dediyinə görə mənim Gürcüstana buraxılmamağımın tapşırığını Azərbaycan tərəfi verib. Buna əsla inanmıram”.
Mixail Saakaşvili haqda danışan Z.Məmmədli deyib ki, sabiq Gürcüstan prezidentinin bataqlıqda batan, korrupsiyada boğulan, dərəbəyliyin hökm sürdüyü əski Gürcüstandan layiq, artıq dünyanın birmənalı qəbul etdiyi demokratik Gürcüstan qurması bir gerçəklikdir: “Saakaşvili həm də hakimiyyətin dinc-demokratik yolla dəyişməsinin əsasını qoymaqla tarixə düşdü. Cəsarətlə deyə bilərəm ki, bunu istəməsə idi, hakimiyyəti zəbt edə, indi də hakimiyyətdə qala bilərdi. Bu yolu tutsa idi, yəqin ki, “Borçalı” Cəmiyyəti onun haqqında fərqli qərar qəbul edərdi. “Borçalı” Cəmiyyəti məhz yuxarıda sadaladığımız, ən əsası isə hakimiyyətin gürcü xalqının iradəsi ilə dəyişməsinin əsasını qoyduğu üçün o hakimiyyətdən gedəndən sonra "Demokratiyanın Dostu" ödülünün verilməsi haqqında qəbul edib. Bu, tarixi qərar, cəsarət tələb edən yanaşmadır. Biz həqiqətə səs verdik.
Biz həm də Gürcüstanın Avropa ailəsinə çevrilməsinə, unitarlığına səs verdik. Biz eyni zamanda Gürcüstanı parçalamaq istəyən separatçılara mesaj verdik. Onları düz yola dəvət etdik. O, Gürcüstanda prezidentlik dövründə müəyyən səhvlər də buraxdı. Hətta soydaşlarımızın bəzi, xüsusilə torpaq üzərində mülkiyyət hüququnun təminində müəyyən xətalar buraxmasına baxmayaraq, demokratiyaya xidmətlərinə görə şəriksiz lider olaraq qəbul edilməlidir.
“Borçalı” Cəmiyyətinin bu yanaşması Gürcüstanın indiki hakimiyyətinə müxalif olduğumuz anlamına gəlməməlidir. Cəmiyyətimiz firqələr üstü düşüncəni bölüşür. Gürcüstan naminə, regionun təhlükəsizliyi naminə, xalqlarımızın sülh və barış içərisində əbədi yaşaması naminə əksər firqələrlə, o cümlədən Gürcüstanın indiki hakimiyyəti ilə də səmimi, sağlam münasibətlərin qurulmasında maraqlıdır”.
Sonda Z.Məmmədli qeyd edib ki, “Borçalı” İctimai Cəmiyyəti M.Saakaşviliyə “Demokratiyanın Dostu” mükafatına layiq görməkdə doğru addım atıb və ən yaxın zamanda bu simvolik ödülün təqdimatı üzərində düşünülür: “Zaman da göstərəcək ki, bu arqumentlə bizi vurmaq istəyənlər hökmən uduzacaqlar”.
Nemət