9 Avqust 2016 17:32
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən hələ bir neçə il öncə Fətullah Gülənlə bağlı məsələ qaldırmışam. Parlamentdə də bu məsələni qaldırmağımın ciddi əsasları vardı. Bir siyasətçi kimi görürdüm ki, bu şəbəkə gələcəkdə Azərbaycan üçün böyük problemə çevrilə bilər. Birincisi, etik baxımdan doğru deyildi ki, Avrasiya Dialoq jurnalı Çağ Öyrətim şəbəkəsi mərhum prezident Heydər Əliyevin anadan olmasının ildönümünün qeyd edilməsi adı ilə “Gülüstan” sarayında böyük bir tədbir keçirir və mindən artıq insan orada iştirak edir, salona daxil olan hər kəsə də xüsusi bir qovluq verilir, qovluğun içindəki jurnalın üzərində də Fətullah Gülənin şəkli.

Bu azmış kimi iki məqalə istisna olmaqla jurnal da bütünlüklə Fətullah Gülənə həsr olunub. Yadınızdadırsa o zaman parlamentin iclasında həmin jurnaldan bir hissəni də oxudum. Orada qeyd olunurdu ki, ədalətli cəmiyyəti yalnız beyni biliklə, qəlbi nurçuluq ideyaları ilə dolu insanlar qura bilər. Təbii ki, bu birbaşa maskalanmış çağırış idi”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

O, dəfələrlə bu məsələyə ciddi diqqət yetirilməli olduğunu ifadə etdiyini xatırladıb: “Çünki Çağ Öyrətim şəbəkəsi Azərbaycanın ən istedadlı uşaqlarını öz çətiri altına almaqla böyük bir təhlükə mənbəyinə çevrilir. Bir tərəfdən ölkənin ən imkanlı ailələrinin övladlarını illik 6 min manatdan yuxarı təhsil haqqı ilə ora cəlb edir, digər tərəfdən həmin pulun hesabına da bəzi imkansız ailələrin istedadlı uşaqlarını pulsuz oxutmaqla onları tamamilə mənəvi cəhətdən özlərindən asılı və borclu şəkildə gələcək niyyətləri üçün yetişdirirlər. Bununla da ölkənin ən imkanlı və ən istedadlı uşaqlarını bu şəbəkəyə bağladılar. Mən o zaman dedim ki, niyə bu şəbəkə ən istedadlı uşaqları seçərək təhsil verir?

Bu uşaqlar onsuz da başqa məktəblərdə də oxusaydılar, asanlıqla yüksək balla ali məktəblərə qəbul olunacaqdılar. Deməyim odur ki, mən illər öncə həyəcan təbili çalsam da, çox təəssüf ki, narahatlığım özünü doğrultdu. Amma eyni zamanda, mən bu gün onun da tərəfdarı deyiləm ki, kimin bu şəbəkə ilə hansısa təması və təsadüfi əlaqələri olubsa, onlara Fətullahçı damğası vurulsun və ya öz ölkəsinə xəyanətdə ittiham olunsun.

Təsəvvür edin ki, o şəbəkəni kəskin tənqid etsəm də, mən həmin o qrup tərəfindən vaxtilə Pensilvaniyaya dəvət də olunmuşdum, amma mədəni formada bu dəvətdən imtina etdim. Amma Pensilvaniyaya gedənlər, müxtəlif tədbirlərdə iştirak edənlər də oldu. Bu o demək deyil ki, həmin adamlar Azərbaycanın milli maraqlarına gedib orada xəyanət ediblər. Çoxları o zaman bunu qardaş Türkiyə hökumətinin mövqeyi kimi qəbul edib və getməyə razılıq verib”.

Nemət


Müəllif:

Oxşar xəbərlər