Avqustun 8-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin Bakıda səfərdə oldu. Bu səfərdən 4 gün sonra – avqustun 12-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyada işgüzar səfərdə oldu. Bu səfərin də dərhal ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya işgüzar səfərə gəldi. Rusiya müdafiə nazirinin Bakı səfəri hal-hazırda da davam edir. Bu gün S.Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti prezident İlham Əliyev tərəfindən qəbul olunub.
Bəs, bu səfərlər arasında hansısa bağlılıq varmı? Bu sualla müraciət etdiyimiz “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, bu səfərlərdən ikisi əslində planlaşdırılmış səfərdir. Onun sözlərinə görə, Putinin Bakıya səfəri planlaşdırılırdı: “Çünki üçtərəfli görüş keçiriləcəkdi, Şimal-Cənub dəhlizi ilə bağlı fikir mübadiləsi aparılacaqdı. İkinci səfər də planlaşdırılmışdı. Çünki hər il Moskva ətrafındakı poliqonda “Beynəlxalq Ordu Oyunları” yarışları keçirilir. Bura müxtəlif ölkələrin müdafiə nazirləri də təşrif buyurur. Nazirlər həmin yarışları izləyib, sonra isə Rusiyanın müdafiə naziri ilə görüş keçirirlər”.
E.Şahinoğlu qeyd edib ki, üçüncü görüş isə planlaşdırılmırdı: “Bu, bir çoxları üçün bəlkə də, gözlənilməz idi ki, Rusiyanın müdafiə naziri Bakıya nə üçün gəlir. Azərbaycan Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək və Rusiyadan yeni hərbi silah-sursat almaq istəyir. Bununla bağlı mətbuatda da informasiyalar gedib. Bu istiqamətdə ola bilsin geniş fikir mübadiləsi aparılır. Amma az ehtimal edirəm ki, bütün bu görüşlərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq. Əsasən hərbi əməkdaşlıq məsələlərinə diqqət yetiriləcək”.
Qeyd edək ki, V.Putin avqustun 10-da Moskvada Ermənisatn prezidenti Serj Sərkisyanla keçirdiyi görüşdən sonra düzənlənən mətbuat konfransında Azərbaycanın istənilən ölkədən silah almaqda sərbəst olduğunu bildirdi. O qeyd etdi ki, müasir silah bazarında hər ölkə istənilən silahı ala bilər: “Belə ölkələrdən biri də Azərbaycandır. Neft ölkəsi olan, sürətlə inkişaf edən iqtisadiyyata, kifayət qədər böyük qızıl-valyuta ehtiyatına malik Azərbaycan əlbəttə ki, istədiyi yerdən istədiyi silahı almaq imkanındadır”.
E.Şahinoğlu qeyd edib ki, bu açıqlama Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığıa davam etdirəcəyinin mesajı idi: “Azərbaycanın ehtiyacı olarsa, Rusiya yeni silahlar da sata bilər. Çünki Rusiya hərbi istehsala çox böyük önəm verir və burdan milyardlarla dollar qazanc əldə edir. Azərbaycan da əsas alıcılardan biridir. Rusiya belə bir alıcını itirmək istəməz”.
E.Şahinoğlu qeyd edib ki, Rusiya silahı ermənilərə pay verir: “Ermənisatn kasıb ölkədir və bu silahı Rusiyadan dilənirlər. Azərbaycan isə ortaya konkret maliyyə, milyardlarla dollar pul qoyur və o silahları alır. Ermənilər kütbeyin başları ilə anlamalıdırlar ki, heç bir normal dövlət, hətta Ermənistanın ən yaxın müttəfiqi belə bu cür alıcını əldən verməz. Ona görə də bunu Ermənistan hakimiyyəti də anlamalıdır. Ermənistan hakimiyyət ara-sıra açıqlamalar verir ki, guya Rusiyanın bu adımı onlarda narahatlıq yaradır. Amma Rusiya rəsmiləri hər dəfə onlara başa salırlar ki, əgər biz bu silahları Azərbaycana satmasaq gedib bu silahları başqa bir ölkədən alacaqlar. Ruslar özlərinə sual verirlər ki, biz niyə bu gəliri itirməliyik ki?! Bu, əslində çox məntiqi yanaşmadır”.
Səxavət HƏMİD