Qafqaz Müsəlmanları İdarəsi (QMİ) referendum öncəsi bəzi siyasi qüvvələrin aksiyalarına din xadimlərini cəlb etmək üçün dini şüarlarla çağırışlar etməsini dövlətçiliyə qarşı təxribat kimi qiymətləndirir.
QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı qurumun yaydığı bəyanatda deyilir: “Konstitusion prinsiplərimizə zidd çağırışlarla bağlı tabeliyimizdə olan dini icmalar, din xadimlərimiz, yerlərdəki səlahiyyətli nümayəndələrimiz, qazılar, dindarların haqlı etirazlarını nəzərə alaraq bildiririk ki, dini mərkəz olaraq, dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunmasını, siyasi müxalifət təmsilçilərinin dövlətçiliyə qarşı dini zəmində çağırışlar etməsini qanunazidd, cinayət əməli hesab edirik.
“Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunub ki, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir. Bu müddəaya müvafiq olaraq, Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan din xadimləri və onu təmsil edən şəxslər heç bir siyasi partiyanın üzvü ola bilməzlər və heç bir siyasi quruma qoşula, onun fəaliyyətində iştirak edə bilməzlər.
Eyni zamanda, bəyan edirik ki, QMİ-ni təmsil edən din xadimləri və onların nümayəndələri yuxarıda qeyd edilən xarakterli siyasi tədbir və kütləvi aksiyalarda iştirak edərlərsə, bu, qanun pozuntusu sayılacaq və onların haqqında qanunvericiliklə, İdarənin Nizamnaməsinə müvafiq şəkildə məsuliyyət tədbirləri görüləcək.
Din xadimləri, dindarlar hüquqi, demokratik, dünyəvi dövlət olan Azərbaycan Respublikasının vətəndaşları kimi qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan dövlət başçımızı dəstəkləyirlər. Din xadimləri və dindarlar vətəndaş olaraq öz səsvermə hüquqlarından istifadə edərək sentyabrın 26-da keçiriləcək referendumda fəal iştirak edəcəklər”.