Milli Şuranın mitinqi başa çatdı. "Onminlər" gəlmədi, heç "minlər" də olmadı.
Aksiyada bir neçə yüz nəfər cəbhəçi və ailə üzvü iştirak edirdi. İştirakçıları neçə illərdi siyasətdən yazan jurnalistlər də üzdən tanıyır. Elə onlar da hamısı bir-birilə çoxdanın tanışlarıdı.
Həmişəki kimi hakimiyyətin tənqidinə həsr olunmuş çıxışlar səsləndi, hətta Əli Kərimli stadiona gələndə "Azadlıq!" da qışqırdılar.
Sonra kimsə "Əli bəy" qışqıranlara hirslənib, "ehtiyac yoxdu" dedi.
Bütün bunlar müxalifətin hər aksiyasında təkrar olunanlar idi. Hər dəfə eşitdiklərimizi eşitdik, nə bir artıq, nə də bir əskik.
***
Belə baxsaq, hakimiyyətdəkilər ordakı çıxışçılardan daha ciddi problemlər qaldırırlar. Ölkədə müxtəlif sahələrdə problemin olduğunu inkar etmirlər, həlli yolları üçün diskussiyalar aparırlar. Korrupsiya ilə məşğul olanları həbs edirlər, nöqsanı olanları işdən azad edirlər, cəzalandırırlar. Hazırda ölkə məhkəmələrindəki səs-küylü proseslər elə buna sübutdur.
... Milli Şuradakılar isə hər dəfə pafosu, çığırtını bir az da artırırlar.
Bu dəfə də elə oldu. Əvvəl Zümrüd Yağmur, sonra isə Gözəl Bayramlı meydandakıların üstünə qışqırdı bir xeyli. Emosional, pafoslu çıxışlarda aradabir tənqidi təhqirə qarışdırıb şantaja keçdilər. Yığışdılar, meydandakılara üz tutub barmaq silkələdilər və dağılışdılar.
Bu aksiya ötən dəfəkindən də artıq dövlətçiliyə qarşı çıxışlara meydan oldu.
"Dünyəvilik tərəfdarlarının" mitinqində "Allahu-əkbər" şüarı səngimirdi. Əli Kərimli aksiyada neçə illik tərəfdarlarından, partiya üzvlərindən daha çox Taleh Bağırzadənin, Mövsüm Səmədovun adını zikr edirdi.
Hələ Cəmil Həsənli... Onun dilindən iki ad çıxdı. Korrupsiya və rüşvətə görə həbs edilmiş Əli İnsanovun adı, bir də din adı altında pərdələnib silahlı dəstə yaratmış Taleh Bağırzadənin.
Milli Şuranın mitinqdə açıq-açığına dini-ekstremist çağırışlar səsləndirildi. Hazırda məhkəmə istintaqı altında olan, faktiki olaraq iki polisin ölümünə bais olmuş Taleh Bağırzadənin çıxışı səsləndirildi.
Və o çıxışda inanclılar dövlətə qarşı açıq itaətsizliyə səsləndi. Eyni zamanda dövləti dəstəkləyən dindarlar şantaj olundu, hədələndi. Radikal şüarlarla müşayiət olunan çıxışa əslində bu çıxışa şərait yaratmaqla, Taleh Bağırzadəni dəstəkləməklə "baş radikalist" Əli Kərimli də əl çaldı, yenicə Avropadan qayıdan Cəmil Həsənli də...
Hakimiyyətlə mübarizə qəbul olunandı. Amma dövlətlə, dövlətçiliklə mübarizə əsla. Radikal islamçılarla, özü kimi düşünməyənlərə qarşı "cihad" elan edənlərlə, dünyəvi dövlətin düşmənləri ilə hakimiyyətə qarşı əməkdaşlıq rəzalətdir. Və belələri arxivə, yox-yox, məhz zibilliyə düşməyə məhkumdular.
... Milli Şuranın daha bir toplantısı başa çatdı. Öz aramızdı, istənilən icra hakimiyyətinin bir rayonda keçirdiyi məhsul festivalına "Məhsul"dakından çox adam gəlir...
Sosial şəbəkədən təkcə onu-bunu söymək üçün istifadə eləməyin, aradabir açıb o məhsul festivalları ilə "Məhsul"dakı iclasınızı müqayisə edin...
Lent.az