“Azərbaycan Cənubi Qafqaz regionu və kənarda enerji infrastrukturu layihələrində əsas qüvvə və investorlardan biri olmağa müvəffəq olub. Davamlı enerji layihələrinin təşəbbüskarı olmaqla və onları həyata keçirməklə Azərbaycan özünü etibarlı enerji təminatçısı və Asiya və Avropa arasında mühüm körpü kimi sübut edib”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Nyu-Yorkda dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu nazirlərinin illik 15-ci iclasında çıxışı zamanı deyib.
Nazir Məmmədyarov qeyd edib ki, Azərbaycan hazırda regional enerji təhlükəsizliyinə öz töhfəsini verməklə yanaşı digər enerji istehsalçıları üçün yeni imkanlar yaradacaq Cənub Qaz Dəhlizini həyata keçirən ölkədir.
“Azərbaycan xüsusilə dövlət idarəçiliyi, gömrük və vergi sistemində vahid pəncərə, sosial-iqtisadi islahatlar kimi sahələrdə öz müvafiq təcrübəsini bölüşməyə hazırdır. Həmçinin digər dənizə çıxışı olmayan inkişaf etməkdə olan dövlətlərin davamlı inkişafla bağlı mövcud problemlərinə müraciət etməyi, eləcə də Davamlı İnkişaf Məqsədlərinə cavab verməyi hədəf seçən trans-regional əlaqələrin daha da gücləndirilməsində onların maraq və əməkdaşlığına güvənir”, - deyə Məmmədyarov qeyd edib.