“Azadlıq” Siyasi Partiyaların Məşvərət Məclisinin toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, toplantıda bir sıra məsələlər müzakirə edilib. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli sentyabrın 26-də keçiriləcək referendumla bağlı danışıb, digər ölkələrin təcrübəsi haqda məlumat verib. Daha sonra partiya sədrləri mövzu ətrafında müzakirə aparıblar.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirib ki, təmsil olunduğu “Azadlıq” Siyasi Partiyaların Məşvərət Məclisi müxalifətin bir araya gəlməsində maraqlıdır: “Ancaq iş ondadır ki, indi AXCP sədri Əli Kərimli hakimiyyətdən qovulan 3-5 adamı ətrafına toplayaraq elan edir ki, müxalifət yalnız Milli Şuradan ibarətdir. Müsavat Partiyası isə hesab edir ki, özü, AXCP, REAL və NİDA Hərəkatından başqa müxalifət təşkilatı yoxdur. Yəqin qrant buradan gəlir. Ancaq bu qurumlar ab-hava yaradan təşkilatlardır. Lakin münasibətlər və mövqelər fərqlidir. Odur ki, hələlik müxalifətdə birgə fəaliyyətlə bağlı bir söz demək olmaz. Biz Məşvərət Məclisi olaraq fəaliyyətimizi davam edirik və vəziyyətə adekvat addımlarımızı atacağıq, münasibətimizi ifadə edəcəyik”.
Cavad