"Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisə olan referendum uğurla başa çatdı. Xalq referendumda yüksək fəallıq nümayiş etdirdi. İlkin nəticələrə görə referendumda iştirak edenlərin tam əksəriyyəti Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya təklif edilən dəyişikliklərə “hə” dedi”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, Azərbaycan xalqı öz prezidentinin ətrafında daha sıx birləşdiyini, onun siyasətini dəstəklədiyini növbəti dəfə nümayiş etdirdi. Millət vəkilinin fikrincə, bu fakt Azərbaycanı istəməyən xarici dairələrə də tutarlı cavabdır.
“Prezident İlham Əliyev həmişə qeyd edir ki, Azərbaycanda aparılan siysasət sosialyönümlü siyasətdir və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqı bu siyasətə cavab olaraq həmişə olduğu kimi bu dəfə də öz prezidentini dəstəklədi və bir daha sübut olundu ki xalq öz prezidenti ilə birdir. Xalq dövlət başçısının başladığı və uğurla davam etdirdiyi Azərbaycanın sürətli inkişafını təmin edən, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edən siyasətini dəstəkləyərək bu siyasətin davam etdirilməsinə səs verdi. Konstitusiyaya edilən əlavə və dəyişikliklər bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir. Bu dəyişikliklər ölkədə başlamış iqtisadi islahatların sürətləndirilməsinə və genişləndirilməsinə, qeyri-neft sektorunun, ilk növbədə kənd təsərüfatının ənənəvi sahələrinin inkişafına, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni sosial lahiyələrin yerinə yetirilməsinə təkan verəcək. Referendumun uğurla başa çatması münasibətilə Prezident İlham Əliyevi təbrik edirəm, Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi sahəsində qarşıda duran bütün vəzifələrinin həyata keçirilməsində uğurlar diləyirəm” – deyə, R.Əliyev vurğulayıb.
Səxavət