1 Oktyabr 2016 18:40
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AXCP və Milli Şura əməkdaşlıqda maraqlı olmadığını referendum kampaniyası zamanı ortaya qoydu. Müsavat əlindən gələni etdi ki, funksional əməkdaşlıq formatında referendum mərhələsində birgə fəaliyyət göstərilsin. Ancaq qarşı tərəfin iddiaları səbəbindən bu baş vermədi. AXCP və Milli Şura buna mənfi münasibət bəsləyən tərəf oldu. Odur ki, münasibətlər haqqında xüsusi bir izahata ehtiyac yoxdur”.

Bunu Teleqraf.com-un əməkdaşının “AXCP ilə Müsavatın bundan sonrakı mərhələdə münasibətlərinin necə olacaq” sualına cavabında Müsavat başqanının müavini Yadigar Sadıqov deyib.

Müsavat nümayəndəsi deyir ki, indi siyasi hadisə kimi ortada hər hansı bir proses olmadığından bu iki partiyanın əməkdaşlıq edəcəyi bir məsələ də yoxdur: “Bundan sonra bir yaxınlaşma olacağını güman etmirəm. Əgər bu yaxınlaşma referendumda baş vermədisə, bundan sonrakı sakit mərhələdə bunu gözləmirəm. Qəfil seçkilər olacaqsa, bu zaman fikirlərimizin üst-üstə düşüb düşməyəcəyini də gələcək göstərəcək”.

Bu iki partiyanın yaxınlaşmasının son nəticəsində birinin digərini aldatması kimi hallarla müşahidə olunmasına gəlincə, Y.Sadıqov deyir ki, onlar konkret referendumla bağlı əməkdaşlıq təklif edib: “Təklif etdik ki, birgə təşəbbüs qrupu yaradaq, aksiyaları birgə keçirək, səsvermə günü müşahidə həyata keçirək. Burada kiminsə kimisə aldatması ehtimalı yoxdur. Əslində funksional əməkdaşlıq budur. Sən hansısa təşkilatla birləşmirsən ki, sonradan kimsə səni aldatsın, nüfuz savaşı olsun”.

Yadigar Sadıqov Müsavatda məhz onun AXCP ilə əməkdaşlığın əleyhinə olması haqda deyilənləri də şərh edib: “Müsavatda əməkdaşlığın əleyhinə olan qüvvə yoxdur. Sadəcə olaraq, bəzən yaxınlaşma üçün o qədər israr edirik ki, sonra deyirlər ki, Müsavat kənardan kiçik və pis görünür. Əgər qarşı tərəfə bir-iki dəfə əməkdaşlıq təklifi edilibsə və bu qəbul edilməyibsə, üçüncü dəfə təklif vermək düzgün deyil. Yalnız bu kimi məsələlərdə fikir ayrılıqlarımız ola bilər”.

CAVAD


Müəllif:

Oxşar xəbərlər