Nizami Cəfərov: “Türkmənləri yaxşı heç nə gözləmir” - MÜSAHİBƏ
Teleqraf.com Milli Məclisin deputatı, professor, türkoloq alim Nizami Cəfərovla müsahibəni təqdim edir.
- Nizami müəllim, son günlər qədim türk torpağı olan Mosulla bağlı faktiki İraq-Türkiyə qarşıdurması mövcuddur. Mosula gözlənilən hücum ərəfəsində yaranan durumu necə qiymətləndirirsiniz?
- Türk ordusu orada olmalıdır. Çünki İraq hökuməti orada yaşayan türklərin həyatı üçün heç bir zəmanət vermir. Əlbəttə, müharibədə çətinlik, gərginlik, dağıntı, ölüm-itim olur. Amma bununla yanaşı insanların gələcək üçün ümidləri də olur. Lakin həmin regionda türkmənlər üçün yaxşı heç nə gözlənilmir. Odur ki, İraq hökuməti Türkiyəyə belə münasibət göstərməməlidir. Sözsüz ki, Türkiyənin İraqdakı missiyası işğalçılıq deyil. Dünya və İraq hökuməti də bilir ki, burada məqsəd türkmənlərə yardım etməkdir. Bunu Türkiyə həm də çoxlu sayda qaçqınlar qəbul etməklə göstərir. Burada Türkiyənin işğalçılığı, hansısa dövlətin daxili işlərinə müdaxilədən söhbət gedə bilməz. Bu, sadəcə olaraq, humanitar addımdır. Ya İraq dövləti oradakı türkmənlərə lazımı zəmanəti verməlidir, ya da Türkiyənin missiyasına mane olmamalıdır.
- İraq dövləti Türkiyənin bu regionda mövcud olan az saylı ordusunun çıxarılması haqda qərar qəbul edib və bunun icrasını tələb edir. İndiki mərhələdə İraqın bu tələbi və ABŞ-ın buna açıq dəstəyi hansı situasiya yarada bilər?
- Əgər söhbət konyukturadan gedirsə, hər şey baş verə bilər. Məsələn, durumu böyüdə, Türkiyənin işğalçılıq siyasətindən, pantürkizmdən danışıla bilər. Amma məsələnin mahiyyəti bundan ibarətdir ki, Türkiyənin məqsədi İraq və Suriyayada yaşayan türkləri müdafiə etmək istəyir. Oradakı türklər faktiki olaraq müdafiəsiz qalıb. Türkiyənin atdığı addımlar ehtiyacdan irəli gəlir.
- Ancaq zamanında bağlanan Lozanna və Ankara müqaviləsinə görə, Türkiyənin Mosul və Kərkükdə 10 faizlik qarantiya məsuliyyəti var...
- Bəli, bu öz yerində. Fikrimcə, Türkiyə-Suriya, Türkiyə-İraq danışıqlarında bu qarantiya məsələsi daima var ki, Türkiyə türk dünyasının lider ölkəsidir və dünyanın harasında türklər qeyri-qanunu sıxışdırılırsa, Türkiyə buna reaksiya verməlidir. Eləcə də digər türk dövlətləri. Amma indi vəziyyət elədir ki, hadisələr bilavasitə Türkiyənin sərhədləri yaxınlığında baş verir.
İkincisi, bu məsələlərə Türkiyənin biganə münasibət göstərməsinə türk cəmiyyəti də etiraz edir. Türkiyədəki siyasi qüvvələrin də ciddi etirazı ifadə olunur. Bu etirazlar da qəbul olunmalıdır. Hətta Türkiyə dövləti Şimali İraqdakı missiyasından əl çəksə belə cəmiyyət və türk dövlətləri səviyyəsində bu etirazlar olacaq. Odur ki, Türkiyənin gördüyü işlərə, münasibətinə etiraz yalnız onunla əsaslandırıla bilər ki, Kərkükdə, Mosulda yaşayan türklərin hüquq və mənafeləri müdafiə edilsin. Özü də burada söhbət böyük hüquqlardan getmir. Sadəcə insanların - uşaqların, böyüklərin, yaşlıların sağ qalmasından gedir. Əgər İraq hökuməti bunu edə bilmirsə, Türkiyənin addımlarına etiraz etməməlidir. Türkiyədə bu müdafiəni hərbi cəhətdən edə - orada təlimlər keçə, avadanlıqlar verə, qida problemlərini yoluna qoya, türkmənlərin üzərinə gələn qüvvələrin qarşısını ala bilər və s.
- Son xəbərlərə görə, Mosulun gələcək idarəçiliyi ilə İraq hökuməti və Bərzani muxtariyyəti arasında fikir ayrılığı var. Rəsmi Bağdad Mosulun onun idarəçiliyində, Bərzani muxtariyyəti isə özünün tərkibində görür. Hətta bununla bağlı referendum keçirilməsi də planlaşdırılır. Sizcə, bütün bunlar Mosulun itirilməsi ilə nəticələnməyəcək ki?
- Əslində orada heç bir fikir ixtilafı ola bilməz. Çünki bu məsələlər danışıqlar yolu ilə həll edilməlidir. Yox, əgər bu hərbi qaydada həll ediləcəksə, məsələn Mosul zəbt ediləcəksə, türklər sıxışdırılıb çıxırılacaqsa, ərazidəki neft kiminsə əlinə keçəcəksə, bu mərhələdə Türkiyənin müdaxiləsi siyasi xarakter almağa başlayacaq. Hamıya bəllidir ki, bu məsələni hərbi yolla həll etmək mümkün deyil. Yəni ölkədə müharibə, iğtişasları sakitləşdirmək, insanların hüququnu təmin etmək və burada milli mənsubiyyəti əsas götürməmək lazımdır. Bundan sonra idarəçilik mexanizmini müəyyən etmək mərhələsi gəlir. İndi daha çox populyar olan məsələ ərazidə türk və ərəb deyil, kürd dövlətinin yaradılması məsələsidir. Bu məntiqsiz yanaşmadır. Bu gün inkişaf etmiş istənilən dövlətə, hətta Amerikanın özünə ingilis dövləti demirlər. Bu saat dünyanın müxtəlif ölkələrində müxtəlif xalqlar yaşayır. Düzdür, aparıcı xalqlar var və onlar dövlət idarəçiliyində daha çox iştirak edirlər. Amma bütün bunlarla yanaşı dövlət beynəlmiləl olmalı və insan hüquqları müdafiə edilməlidir. Burada əraziləri bölmək, insanları sıxışdırmaq anlaşılmazdır. Məsələn, ABŞ-ın "İraqda kürd dövləti olmalıdır" iddiası anlaşılmazdır. Belə bəyanat vermək, onun icrası üçün çalışmaq, detalları üzərində işləmək və bunu dünyaya çar çəkmək məntiqli görünmür.
- Kərkük və Mosulun gələcək taleyi necə ola bilər, türkmənlərin yaşadığı ərazi başqa qüvvələrinə əlinə keçə və buralarda türkmən izi silinə bilərmi?
- Burada itirilməkdən söhbət getmir. Mosulda, Kərkükdə, elə Bağdadın özündə də yerli əhali kimdirsə onlar normal şəkildə yaşamalı və idarəçilik də ümumi mərkəzdən aparılmalıdır. Oranı itimək o deməkdir ki, bu ərazinin hüdudlarını bağlaya və ora kimsəni qoymayalar. İraqın tərkib hissəsi olan bir şəhərdən danışırıq. Ölkə daxilində bir regionun itirilməsi anlayışını başa düşmürəm. Mosul bir dövlətin şəhəridir. Yəni bu siyasi deyil, inzibati məsələdir. Mosulun itirilməsindən söhbət gedə bilməz.
NEMƏT