Gürcüstanda Vahid Gürcüstan Partiyasının siyahısı üzrə seçkilərə qatılan Azərbaycanın keçmiş baş cərrahı Fərman Ceyranlı seçkinin nəticələri haqda danışıb.
Teleqraf.com xəbər verir ki, Fərman Ceyranlı Gürcüstanda yaşayan soydaşlarımızı tənqid edib: “Əziz dostlar, artıq Gürcüstanda keçirilən seçkilər arxada qaldı. İstəyirəm bəzi məsələlərlə bağlı fikirlərimi bölüşüm. Əsas etibarı ilə seçki mübarizəsi iki partiya arasında gedirdi- keçmiş prezident Mixail Saakaşvilinin partiyası və indi iqtidarda olan “Gürcü Arzusu” Partiyası arasında. Son seçkidə “Gürcü Arzusu” lazım olandan da çox səs əldə etdi. Parlamentdə 150 yerdən təxminən 30-y Saakaşvilinin partiyasının oldu. Fikrimcə, Milli Hərəkat Partiyası ağır məğlubiyyətə uğradı. Proporsional seçki sistemi üzrə 26 % çox, majoritar seçki sistemi üzrə isə azərbaycanlıların yaşadığı əraziləri çıxmaq şərti ilə demək olar ki, hər yerdə uduzdular. Vurğulamaq istəyirəm ki, Milli Hərəkat Partiyasına verilən səslərin yarıdan çoxu azərbaycanlıların yaşadığı bölgədən oldu. Gürcülər və digər azsaylı xalqlar bu partiyaya çox az səs verdilər. Beləliklə, Mixail Saakaşvili üçüncü dəfədir ki, azərbaycanlıların hesabına iş gördü. Gürcü millətindən olan vətəndaşlar demək olar ki, ona səs vermədi. Bu, olduqca düşündürcüdür. Demək ya gürcülər öz dövlətini bizdən az istəyir, ya da biz düz fikirləşə bilmirik. Bir təhlil aparaq, millət olaraq gürcülərin və bizim keçdiyimiz tarixi yolu nəzərdən keçirək. Bu zaman uduzmağımızın və düz yolda olmadığımızın şahidi olarıq".
F.Ceyranlı bildirib ki, Saakaşvili üşüncü dəfə hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişdi, lakin bu onun hakimiyyətdən getməsi ilə nəticələndi: "Gürcülər Amerikanın ən demokratik dövlət olduğuna baxıb, onlardan öyrənirlər. Heç Amerikada görmüsüz ki, bir prezidentin müddəti bitdikdən sonra yenidən prezident olmaq istəsin? Hətta az faizlə uduzub seçkilərdə iştirak edən namizəd təkrar seçkilərə qatılmır. Gürcülər bu şeyləri bizdən yaxşı bilirlər. Onlar demirlər ki, Mixail Saakaşvili heç nə etməyib. Əksinə, deyirlər ki, çox şey edib və buna görə sağ olsun, ancaq biz daha yaxşı şeylər istəyirik. İndiki hakimiyyətin dövründə də bir sıra yaxşı işlər həyata keçirilib, demokratik sahədə addımlar atılıb. Elə götürək alternativ televiziya kanalı olan "Rustavi-2"ni. Bu gün açıq fikirlərin səsləndirilməsi, seçilən deputatlarımızın sayı və s. ortadadır. Amma bu o demək deyil ki, bunlar daim qalmalıdır. Xeyr. Bunlardan daha yaxşısı gəlməlidir, Gürcüstan inkişaf etməlidir və s. Görünür, bizim toplumun mentalitet məsələsidir ki, bir adamdam yapışanda əl çəkmirik. Bu gün Gürcüstan dövləti xüsusi proqramlar hazırlamalıdır ki, bizim burada yaşayan toplum gürcü dilini öyrənərək gürcü ictimaiyyətinə inteqrasiya etsin. Siyasi maarifləndirmə işləri aparılmalıdır ki, əhali adekvat seçim edə bilsin. Əks təqdirdə, - necə ki, bu gün baş verir, - siyasi proseslərdə onların ayaqlarından geri çəkərək irəli getmələrinə maneələr olacaq”.
Qeyd edək ki, son seçkidə Fərman Ceyranlının da təmsil olunduğu Vahid Gürcüstan Partiyası parlamentə düşə bilməyib.
NEMƏT