11 Oktyabr 2016 21:25
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “Taktiki gedişlər üzərində müəyyən mübahisələr olur”

Respublikaçı Alternativ Hərəkatında (REAL) fikir ayrılığı yaranıb. Hətta iddiaya görə, konkret olaraq REAL-ın icraçı katibi Natiq Cəfərli ilə İdarə Heyətinin üzvü Azər Qasımlı arasında intriqa mövcuddur. Fikir ayrılıqları isə artıq çoxlarına bəllidir. Əldə etdiyimiz xəbərə görə, fikir ayrılığının əsasını REAL-ın siyasi quruma çevrilib-çevrilməməsi təşkil edir.

Azər Qasımlı mümkün qədər tez siyasiləşmənin tərəfdarı kimi çıxış edir, Natiq Cəfərli isə mümkün qədər bu prosesi uzatmaq istəyir. Bütün bunlar isə sonda tərəflər arasında intriqa yaradır və bu proses sosial şəbəkələrə sirayət olunur. Azər Qasımlının N. Cəfərlinin həbsi barədə son fikri isə fikir ayrılıqları və intriqa barədə deyilənləri bir qədər də gücləndirir.

Bütün bu iddialara Natiq Cəfərli teleqraf.com vasitəsilə aydınlıq gətirməyə çalışıb. Hərəkatın icraçı katibi deyib ki, REAL siyasətə yeni idarəetmə forması gətirib: “Azərbaycanda isə son 20 ildə oturuşmuş bir anlayış var ki, partiya sədri nə dedisə bu həyata keçməlidir. Yəni idarə heyətində və ya digər seçkili orqanlarda müzakirələr açmağa ehtiyac yoxdur, rəhbərin dediyi yetərlidir. Çox təəssüf ki, belə siyasi mədəniyyət formalaşıb. REAL-da isə hədəf və məqsədi eyni olan, eyni baxışlara malik insanlar İdarə Heyətində toplaşıb. Sadəcə bu məqsədə çatmaq yolları haqda müxtəlif diskussiyalar olur. Bu da normaldır. Azər Qasımlı ilə bizim aramızda heç bir problem yoxdur, biz dostuq və bir-birimizin evinə gedib-gələn insanlarıq. Sadəcə bəzi məsələlərlə bağlı fərqli fikirlərin olması normaldır”.

Natiq Cəfərli iddia edir ki, hər hansı intriqa yoxdur və bu intriqalar sosial şəbəkəyə də sirayət etmir: “Bunu intriqa kimi başa düşən və təqdim edənlər səhvə yol verir. Azərbaycanda siyasi səhnədə bir partiya və ya təşkilata mənsub insanların arasında diskussiya olmayıb. İndi REAL-da belə diskussiyanın olmasını nədənsə insanlar intriqa kimi təqdim etməyə çalışırlar. Əslində mən bunu REAL-ın gücü və özəlliyi kimi qiymətləndirirəm. Həmin insanları da qınamıram. Çünki belə təfəkkür formalaşıb. Əslində isə bizim hərəkatda fikir ayrılıqlarının olmasını intriqa deyil, demokratik təfəkkür, diskussiya mədəniyyəti hesab etmək lazımdır”.

Cəfərli daha sonra deyib ki, fikir ayrılıqları olsa da, məqsədləri eynidir: “REAL-ı gücləndirmək, güclü partiyaya çevirməkdir. Ən azı hakim partiyaya rəqib ola biləcək qüvvə halına gətirmək. Mənim də, Azər Qasımlının da, digər dostlarımızın da məqsədi eynidir. Amma bu məqsəd üçün hansı alətlərdən istifadə etmək lazımdır məsələsində ciddi müzakirələr açılır, bəzən bir-birimizlə razılaşır, bəzən mübahisələr edirik. Sonda da, bu müzakirələrdən daha doğru qərarın doğulması prosesi baş verir. Bizim hədəflərimiz birdir. REAL şəxslərin deyil, ideyalar ətrafında toplaşanların təşkilatıdır. Bəli, bəzən tələskənliyə yol vermək istəyən təkliflər də olur. Biz də, reallığa uyğun addımlar atmağın vacibliyini qeyd edirik. Yəni taktiki gedişlər üzərində müəyyən mübahisələr olur”.

Azər Qasımlının “Natiq Cəfərlinin həbsi və azadlığa çıxması mənim üçün qaranlıq qalıb” fikrinə gəldikdə həmsöhbətimiz deyib ki, bu fikrindən sonra Azər Qasımlı ilə məsələni aydınlaşdırıb: “Azər müəllim rusca təhsil aldığı üçün fikrinmi izah edə bilməyib. Mən də açıqlamamda demişdim ki, niyə həbs edildiyim və niyə azad edildiyim mənim üçün qaranlıqdır. Azər Qasımlı yəqin ki, bu anlamda fikrini ifadə etmək istəyib. Onun dediyinin məğzi budur. Fikrin daha dəqiq ifadə olunması baxımından başqa ifadə işlədilə bilərdi”.

Cavad


Müəllif: