17 Oktyabr 2016 15:47
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti, doktor Mixael Raynhard Hessin “Verlag Dr. Köster” nəşriyyatında “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində işıq üzü görüb. Bu barədə Teleqraf.com-a Prezident yanında Strateji Araşdırmalar Mərkəzindən məlumat verilib.

Kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, ADR dövründə Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiq edən status məsələsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında kitabda yer alıb.

Kitabı fərqləndirən digər xüsusiyyətlərdən biri odur ki, M.R.Hess Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamla bağlı ayrıca yarımfəsil ayırıb, Ermənistanın hökumət üzvlərinin, xüsusilə prezident Serj Sərkisyanın Xocalı qırğınının iştirakçısı olması faktlarını qeyd edib.

Müəllif nəticə hissəsində yazır: “2016-ci ilin aprelindəki dəhşətli hadisələr göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi Avropanın cinahında açıq yara olaraq qalır”.

Poliqlot alim M.R.Hess kitabın hazırlanmasında alman, ingilis və rus dillərindəki ədəbiyyatla yanaşı regionun arxivlərindəki Azərbaycan, erməni, gürcü, eləcə də türk, yunan və fars dilindəki mənbələr və KİV materiallarından da istifadə edib.

Qeyd edək ki, bu ilin aprel ayında qoşunların təmas xəttində Ermənistanın atəşkəs rejimini pozması nəticəsində baş verən döyüşlərdən sonra Dağlıq Qarabağ münaqişəsi yenidən daha qabarıq formada Avropada, o cümlədən Almaniyada ictimaiyyət və mətbuatın diqqətinə gəlib. Döyüş əməliyyatları ilə yanaşı informasiya mübarizəsinin də önəmi artıb. Bu kontekstdə M.R.Hessin alman dilində olan kitabı aprel hadisələrindən sonra Avropada əcnəbi alim tərəfindən Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı yazılmış ilk kitabdır.

Səxavət


Müəllif:

Oxşar xəbərlər