18 Oktyabr 2016 12:15
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşib və ölkəmiz üçün radikal islamçılıqla bağlı potensial risk və ya təhdid yoxdur”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Sputnik Azərbaycan” agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bu ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladıb: “Cəmiyyətimiz milli ideya ətrafında birləşib. Bizim cəmiyyət Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, müstəqilliyimizi möhkəmləndirmək və bütün iqtisadi və sosial problemləri həll etmək ideyaları ətrafında birləşib. Buna görə də burada radikallar üçün nə sosial, nə də iqtisadi baxımından baza var”.

Onun sözlərinə görə, bu gün dövlət qarşısında duran yeganə məsələ, həmçinin dini ekstremizm fonunda özünü xarici mənfi təsirlərdən qorumaqdır: “Bizim cəmiyyət öz milli, dini və mənəvi köklərinə dərindən bağlıdır. Biz öz müqəddəs yerlərimizə hörmətlə yanaşırıq və buna ehtiyatla yanaşırıq. Eyni zamanda cəmiyyətimiz müasir cəmiyyətdir. Ona görə də hesab edirəm ki, Azərbaycan müasir müsəlman ölkəsi olaraq tam öyrənilməyib. Azərbaycan bir çox ölkə üçün yaxşı nümunə ola bilər. Ona görə də radikalizmlə mübarizə sahəsində bizim üçün əsas məqsəd özümüzü xarici fiziki və informasiya təhdidlərindən qorumaqdır”.

O qeyd edib ki, Azərbaycan xalqı hər gün Avropa, MDB ölkələri və Yaxın Şərqdə “qaynar nöqtə”lərdə nələrin baş verdiyini görür: “Bu, Azərbaycan xalqını daha da birləşdirir və radikalizm əleyhinə ən yaxşı peyvənddir. Buna baxmayaraq, biz bir dəqiqə də olsun məhz müasirliyə, dünyəviliyə, xeyirin şərdən üstün olmasına yönəlmiş siyasətimizlə bağlı fəaliyyətimizi zəiflətməməliyik. Biz bu istiqamətdə mütəmadi işləyirik”.


Müəllif:

Oxşar xəbərlər