“Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhər təşkilatı sıralarında 150 ərazi ilk təşkilatı üzrə 16 min 78 nəfər üzvü birləşdirir. Onun 8 min 355 nəfərini, yaxud 52 faizini qadınlar, 9 min 85 nəfərini, yaxud 56,5 faizini gənclər təşkil edir”.
Teleqraf.com-un məlumatına görə, bu barədə oktyabrın 28-də YAP Naxçıvan şəhər təşkilatının Naxçıvan Şəhər İcra Hakimiyyətinin iclas zalında keçirilən XI konfransında məlumat verilib.
Konfransda YAP Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli hesabat məruzəsi ilə çıxış edib.
Məruzəçi bildirib ki, hesabat dövründə partiya sıralarına 1665 nəfər üzv qəbul edilib. Onların 1292 nəfərini, yaxud 77,6 faizini gənclər, 1137 nəfərini, yaxud 68,2 faizini qadınlar təşkil edir.
Ərazi ilk partiya təşkilatı sədrlərindən 60 nəfərini qadınlar, 68 nəfərini gənclər təşkil edir.
Elman Cəfərli vurğulayıb ki, konfransqabağı hesabat-seçki yığıncaqlarının keçirilməsi kampaniyası zamanı ilk partiya təşkilatlarının yenidən təşkili ilə YAP Naxçıvan şəhər təşkilatının əhatə etdiyi ilk təşkilatların sayı 187-dən 150-yə enib, siyasi işin keyfiyyət səviyyəsi yüksəlib: “Təşkilat üzvlərindən 2 nəfəri Azərbaycan Milli Məclisinin, 20 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Üzvlərdən 2 nəfəri akademik, 6 nəfəri AMEA-nın müxbir üzvü, 20 nəfəri elmlər doktoru, 159 nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktorlarıdır”.
Konfransda YAP Naxçıvan şəhər təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib, Elman Cəfərli yenidən Naxçıvan şəhər təşkilatının sədri seçilib.
Daha sonra YAP Naxçıvan şəhər təşkilatı şəhər şurasının üzvləri seçilib və onların sayı 23 nəfərdən 29 nəfərədək artırılıb.
YAP Naxçıvan şəhər təşkilatı şurasının iclası keçirilib, idarə heyətinin üzvləri və şəhər təşkilatının sədr müavini, Qadınlar Şurasının və Gənclər Birliyinin iclaslarında isə sədr və sədr müavinləri seçilib.
Səxavət