1 Noyabr 2016 14:54
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mosulda baş verənlər o qədər qarışıqdır ki, kimin hansı tərəfdə döyüşdüyü, hansı maraqlara xidmət etdiyi mübahisəlidir. Proseslər sanki qapalı gedir, bu səbəbdən də baş verənləri açıq görə bilmirik. Ancaq son dövrlər Mosul məsələsi Türkiyə tərəfindən ciddi izlənilir və təhlil edilir. Mosulda əhalinin böyük hissəsi türkmənlərdən ibarətdir. Türkmənlərin gələcək taleyi isə Türkiyəni narahat etməyə bilməz”.

Bunu Teleqraf.com-a Mosulda son durumu və bu tarixi türk ərazisinin gələcək taleyi haqda danışan türkoloq alim Rafiq İsmayıl deyib.

R.İsmayıl qeyd edib ki, Mosul və Kərkük məsələsi İraq tarixində həllini gözləyən məsələ kimi qalır: “Hələ Lozanna konfransında bu məsələnin həlli üçün müəyyən cəhdlər edildi, lakin bir nəticəyə gəlinmədi. Sonda belə qərara gəldilər ki, bu problemi sonrakı dövrə saxlasınlar. Sonrakı dövrlərdə bu məsələ gündəmə gəldi, lakin rəsmi Ankara indiki qədər cəsarətli ola bilmədi, qəti mövqe ortaya qoymadı. Hələ ata Buşun dövründə Vaşinqton Ankaraya Kərkük və Mosulu götürmək üçün yaşıl işıq yandırdı, lakin prezident Turqut Özal burda girməyə çəkindi. İndi Mosul məsələsi problem kimi yetişib. Türkiyə bu məsələdə fəal rol oynamaq istəyir. Prinsipcə, Vaşinqton və Moskva Ankaranın bu aktivliyinə qarşı çıxmır. Əsas məsələni qarışdıran sanki İrandır”.

Alim qeyd edib ki, indi Suriya və İraqda daha çox konfederasiyalı dövlət quruluşuna keçmək layihəsi gündəmdədir: “Əgər belə olacaqsa, İraqın və Suriyanın ənənəvi bölgüsü olacaq. Məsələn, tarixən Suriya Dəməşqdən, Əccədən və Telbarusdan ibarət olub. İraq isə Bağdaddan, Bəsrədən və Mosuldan ibarət olub. Bəsrədə adətən sünnilər yaşayıb. Bağdadda isə süni-şirə qarşılıqlı yaşayıb. Kərkük və Mosul isə türk-kürdlərin, daha çox sünnilərin yaşadığı bölgə olub. Fikrimcə, yaxın gələcəkdə daha real olanı bu dövlətlərin konfederasiyalı quruluşa keçidi ola bilər”.

Rafiq İsmayıl daha sonra deyib ki, Mosul və Kərkükün əhalisinin böyük hissəsi köçkündür: “Buralar daima bombalanır. Adətən koalisiya qüvvələri atəş açırlar. İndi daha vacib məsələ müharibədən sonra burada yaşayacaq əhalinin taleyidir.

Şəxsən mənim ehtimalıma görə, Türkiyə anı gələndə Mosula ordu çıxaracaq. Türkiyə rəhbərliyi açıq deyib ki, gərəyində addım atacaq. Mən buna ümid etmirəm, inanıram. Türkiyə bu əraziləri sahibsiz buraxmamalıdır”.

R İsmayılın sözlərinə görə, hazırda iki variant daha realdır: “Bir variant odur ki, Türkiyə bu ərazilərə ordu çıxarır və Mosulu götürür. İkinci variant isə Mosul və Kərkük vilayət kimi İraq konfederasiyasının tərkibində olur və müxtəlif hüquqlara malik olur”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər